Uqandanın rəsmi tanınan dörd əsas tarixi krallığından biri olan Tooroda taxt dəyişikliyi ciddi mübahisələrlə müşayiət olunub. 56 yaşlı jurnalist Edward Rukidi Kijanangoma krallığın yeni hökmdarı seçilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tooro krallığını son 31 il ərzində 1995-ci ildə üç yaşında taxta çıxan Kral Oyo Nyimba Kabamba Iguru Rukidi IV idarə edirdi. Bir vaxtlar dünyanın ən gənc hökmdarı kimi tanınan Oyo keçən ay 34 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Ənənəyə əsasən, mərhum kralı onun tanınmış oğullarından biri əvəz etməli idi. Kral ailəsinin bəzi üzvləri Oyonun vəsiyyətində azyaşlı oğlunun növbəti kral olması barədə göstəriş verdiyini bildiriblər.
Lakin həmin uşaq ictimaiyyətə təqdim olunmayıb və kralı seçən 21 nəfərlik Babiito klanı komitəsi tərəfindən də tanınmayıb. Mərhum kral rəsmi nikahda olmayıb, onun həyat yoldaşı və oğulları barədə isə az məlumat var.
Kralın anası, Kraliça Best Kemigisa, vəsiyyətə hörmət edilməsini tələb edib. Buna baxmayaraq, varislik komitəsi seçim prosesinin Tooro adət-ənənələrinə uyğun aparıldığını bildirərək Kijanangomanın namizədliyini təsdiqləyib.
Kemigisa bu qərarı ikinci kralın elan olunması kimi qiymətləndirib. O, yeni kral üçün keçirilən mərasimlərin oğlunun dəfn olunduğu yerdən bir neçə metr aralıda təşkil edilməsinin ana kimi onun üçün çox ağrılı olduğunu deyib. Kraliçanın sözlərinə görə, Oyonun ABŞ-ın Texas ştatında yaşayan oğlunun ölkəyə qayıtması gözlənilsə də, gərgin varislik mübahisəsi buna imkan verməyib.
Tooro Krallığının informasiya naziri Charles Mwanguhya mümkün varisin ortaya çıxmadığını və Kral Oyonun oğul qoymadığı barədə qənaətin gücləndiyini bildirib.
Kijanangoma və mərhum Kral Oyo 1928–1965-ci illərdə Tooronu idarə etmiş 11-ci kral Rukidi III-ün nəvələridir. Kijanangoma taxt üçün nəzərdən keçirilən bir neçə namizəddən biri olub. Namizədlər arasında İngiltərənin tanınmış həvəskar futbol klublarından birində çıxış edən Şahzadə George Desmond Kamurasi də yer alıb. Varislik komitəsinin məlumatına görə, "South East Dons" klubunun kapitanı və qapıçısı digər öhdəliklərini əsas gətirərək təklifi qəbul etməyib.
Rəsmi elanından sonra Kijanangoma sarayın ictimaiyyət üçün açıq olacağına söz verib. O, birlik və inkişaf məsələlərinə diqqət yetirəcəyini, kral tituluna sahib olsa da, təkbaşına fəaliyyət göstərə bilməyəcəyini və xalqla birlikdə çalışmalı olduğunu deyib.
Uqandanın ənənəvi krallarının rəsmi siyasi səlahiyyəti yoxdur. Bununla belə, onlar mədəni nüfuzlarını qoruyur və rəhbərlik etdikləri icmalarda əhəmiyyətli dəstəyə malikdirlər.
Ölkədə dörd əsas krallıq mövcuddur. Onların ən böyüyü və nüfuzlusu paytaxt Kampala da daxil olmaqla ölkənin mərkəzi hissəsini əhatə edən Buganda krallığıdır. Krallıqlar 1967-ci ildə ləğv edilsə də, Prezident Yoweri Museveni hökuməti onları 1990-cı illərin əvvəllərində bərpa edib.
Hökumət bu addımın mədəni qüruru və milli birliyi gücləndirmək məqsədi daşıdığını açıqlayıb. Varislik mübahisəsi zamanı isə hakimiyyət Babiito klanının Kijanangomanı seçməsini dəstəkləyib. Baş prokuror Sam Mayanja Kijanangomaya qarşı rəsmi şikayət olmadığı üçün tacqoyma mərasiminin keçirilməsinə icazə verildiyini bildirib.
Tacqoyma mərasiminin tarixini hökumət açıqlayıb və mərasimdə Museveninin iştirakı planlaşdırılır. Dövlət başçısının oğlu və ordu komandanı Muhoozi Kainerugaba da Kijanangomanı açıq şəkildə dəstəkləyib.
1970-ci ildə anadan olan Kijanangoma Fort Portal şəhərindən təxminən 300 kilometr aralıda yerləşən Kidukuru kəndində böyüyüb. O, 1999-cu ildə Uqandanın nüfuzlu Makerere Universitetində kütləvi kommunikasiya ixtisasını bitirib.
Kijanangoma Uqanda Yayım Korporasiyası (UBC) da daxil olmaqla, Uqanda və qonşu Ruandada 20 ildən çox yayımçı kimi çalışıb. Jurnalist fəaliyyəti dövründə cəmiyyətlə sıx əlaqəsi, liderlərlə ünsiyyəti və milli məsələlərə bələd olması yeni vəzifəsində ona kömək edə bilər.
Yeni kral 21 illik jurnalistika fəaliyyəti zamanı qazandığı əlaqələrdən xalqı üçün istifadə etmək istədiyini bildirib. Anası Assimwe Yusta Kijanangoma isə oğlunun ənənələrə bağlı böyüdüldüyünü və yeni vəzifəyə hazır olduğunu deyib.