Ukrayna Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha rəsmi sosial şəbəkə hesabında məlumat yayıb. Ukraynalı diplomat müvafiq müraciətin Rusiya Silahlı Qüvvələrinin son günlər həyata keçirdiyi yeni hücum dalğasına cavab olaraq edildiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A.Sıbiha oktyabrın 7-də Priluki şəhərinə, həmçinin Kramatorskda iki sərnişin avtobusuna və Kiyev şəhərinə endirilən zərbələri xüsusi vurğulayıb.
Nazirin sözlərinə görə, son günlər mülki infrastrukturun hədəf alınması nəticəsində ümumilikdə 78 nəfər həyatını itirib, 215 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ukrayna XİN rəhbəri BMT platformasında çıxış edərək beynəlxalq ictimaiyyəti BMT Nizamnaməsinin prinsip və normalarına riayət etməyə, eləcə də Rusiya Federasiyasının addımlarına qarşı hüquqi və adekvat cavab tədbirlərinin görülməsini təmin etməyə çağırıb.