"Meta" şirkətinin yeni nəsil ağıllı eynəkləri məşhur simalar, o cümlədən Kylie Jenner vasitəsilə tanıdılaraq geniş istifadəçi kütləsinə çatdırılmağa çalışılsa da, Böyük Britaniyada bu planlar müəyyən maneələrlə üzləşib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölkənin bir sıra lüks restoranları müştərilərin və əməkdaşların məxfiliyini qorumaq məqsədilə 359 funt sterlinq dəyərində olan ağıllı eynəklərin istifadəsini qadağan edib.
Londonda yerləşən məşhur "Simpsons in the Strand", "Arlington" və "The Park" restoranlarının sahibi Ceremi Kinq bildirib ki, qonaqların görüntü qeydə alan bu eynəklərdən istifadə etməsi yolverilməzdir.
Onun sözlərinə görə, insanların təbii gözləri istisna olmaqla, heç bir cihaz vasitəsilə qonaqların şəxsi həyatının toxunulmazlığı pozulmamalıdır.
Oxşar qaydalar özəl üzvlük sistemi ilə fəaliyyət göstərən "Soho House" klublarında da tətbiq edilir. Klub rəhbərliyi məkanlarda icazəsiz görüntü çəkilişinə yol verilmədiyini və ağıllı eynəklərin də bu qaydadan istisna olmadığını təsdiqləyib.
Böyük Britaniyanın məşhur "Wetherspoons pub" şəbəkəsi də müəssisələrində bu eynəklərlə çəkiliş aparılmasına icazə vermir. Şirkətin baş icraçı direktoru Tim Martin bildirib ki, müştərilərin və işçilərin razılığı olmadan görüntülərinin qeydə alınması qadağandır.
Martin qeyd edib ki, gizli çəkiliş imkanı yaradan bu tip cihazlar mövcud qaydaları pozur və onların kameraları söndürülməlidir.
Teatrlar da ağıllı eynəklərlə bağlı oxşar mövqe sərgiləyir. "ATG Theatres" şirkətinin nümayəndəsi bildirib ki, şirkətə məxsus "Bristol Hippodrome", "Edinburgh Playhouse" və Londondakı digər teatrların səhnələrində tamaşalar zamanı hər hansı çəkilişə icazə verilmir. Bu səbəbdən ağıllı eynək taxan şəxslərdən cihazlarını çıxarmaları tələb olunacaq.
Adi eynəyi xatırladan və kiçik kameralarla təchiz edilən bu qurğular insanların razılığı olmadan görüntülərin çəkilməsi ilə bağlı narahatlıqları artırır. "Meta" çəkiliş zamanı yanan kiçik LED indikatorunu təhlükəsizlik tədbiri kimi təqdim etsə də, icazəsiz çəkilişlərlə bağlı şikayətlərin sayı artmaqda davam edir.
"Instagram"ın rəhbərlərindən Adam Mosseri bildirib ki, platformada insanları narahat edən və ya istismar edən görüntülər silinəcək.
Məlumata görə, son bir ildə ağıllı eynəklərin qlobal satışları üç dəfə artaraq 7 milyon ədədə çatıb. Bununla belə, bəzi biznes nümayəndələri texnologiyaya müsbət yanaşır.
"Meta" şirkətinin sözçüsü isə açıqlamasında bildirib ki, ağıllı eynəklər musiqi dinləmək, canlı tərcümə, əlsiz zəng funksiyası kimi praktik imkanlar təqdim edir. Onun sözlərinə görə, təhlükəsizlik əsas prioritetdir və çəkiliş zamanı yanan LED işığını söndürmək mümkün deyil. Əgər indikatorun fəaliyyəti dayandırılarsa, kameranın özü də avtomatik olaraq deaktiv edilir.