Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan keçirdiyi mətbuat konfransında İrəvanda təşkil olunması nəzərdə tutulan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransı (CBD COP17) çərçivəsində Türkiyə və Azərbaycan nümayəndə heyətlərinin iştirakı məsələsinə münasibət bildirib. Diplomatın sözlərinə görə, hər iki ölkənin sammitdə iştirakına dair rəsmi İrəvana hələlik heç bir məlumat daxil olmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Abisoqomonyan BMT-nin Baş katibi Antonio Quterreşin sammitdə iştirakının təsdiqləndiyini diqqətə çatdırıb. Erməni rəsmi BMT-nin diplomatik protokollarına və qəbul olunmuş praktikaya əsasən, konkret ölkələrin siyahısını əvvəlcədən açıqlamağın tez olduğunu, çünki dövlətlərin tərkib və iştirak barədə qərarlarını özlərinin elan etdiyini vurğulayıb.
R.Abisoqomonyan digər beynəlxalq tərəfdaşların və ölkə nümayəndələrinin iştirakı ilə bağlı rəsmi təsdiqlərin gözlənilməsini tövsiyə edib.
Proqnozlara əsasən, İrəvanda keçiriləcək COP17 sammitinə ümumilikdə 15 minə yaxın nümayəndənin qatılacağı, müxtəlif ölkələrdən 50-dən çox yüksəksəviyyəli rəsminin artıq qeydiyyatdan keçdiyi bildirilir.
BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransı (CBD COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək keçiriləcək. Tədbirin əsas hazırlıq mərhələsi və “Yaşıl zona” sərgisi isə oktyabrın 18-də fəaliyyətə başlayacaq.