Türkiyə Respublikasının kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində jurnalistlərə müsahibə verib. İ.Yumaklı açıqlamasında Ankara və İrəvan arasında münasibətlərin normallaşması prosesinin regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, türkiyəli nazir iki ölkə arasında dialoqun dərinləşməsinin regional inteqrasiyaya müsbət təsir göstərəcəyini vurğulayıb:
“Ermənistanla münasibətlərin normallaşması prosesinin sürətlənməsi hər iki ölkə və bütövlükdə Cənubi Qafqaz regionu üçün ciddi faydalar və yeni imkanlar yaradacaq”, – deyə İ.Yumaklı qayd edib.
Nazir İrəvanda təşkil olunan forum çərçivəsində səmərəli və məhsuldar görüşlərin keçirildiyini, bu təmasların beynəlxalq aləmə və müxtəlif ölkələrə müsbət diplomatik siqnallar verəcəyini diqqətə çatdırıb.
İ.Yumaklı eyni zamanda analoji müsbət gözləntilərin və genişmiqyaslı tərəfdaşlıq imkanlarının 2026-cı il noyabrın 9–20-si tarixlərində Türkiyənin Antalya şəhərində təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransından (COP31) da gözlənildiyini ifadə edib.
Qeyd edək ki, İbrahim Yumaklı İrəvanda keçirilən COP17 sammitində Türkiyə Respublikasının rəsmi nümayəndə heyətinə rəhbərlik edir.
BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına Tərəflərin 17-ci Konfransı (CBD COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək. Tədbir çərçivəsində ilkin hazırlıq görüşləri və “Yaşıl zona” platforması oktyabrın 18-dən etibarən fəaliyyətə başlayır.