Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Mark Rutte ilə Ankarada baş tutan görüşündə bildirib ki, rəsmi Ankara Rusiya və Ukrayna arasında sülh danışıqlarını yenidən canlandırmaq və münaqişə tərəflərinin liderlərini bir araya gətirmək üçün fəal işləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir ki, Kiyev də NATO üzvü olan Türkiyədən Rusiya ilə ali səviyyəli görüşə ev sahibliyi etməsini xahiş edib.
2022-ci ildən bəri hər iki ölkə ilə yaxşı əlaqələrini qoruyan Türkiyə müharibənin sülh yolu ilə başa çatması üçün vasitəçilik səylərini davam etdirir.
Ərdoğan Avropadakı NATO müttəfiqlərinin təhlükəsizlik sahəsində daha çox məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Almaniya lideri Fridrix Merz ilə telefon danışığında qlobal gərginliklərin, o cümlədən Yaxın Şərqdəki münaqişələrin Avropaya zərərləri müzakirə edilib.
Əlavə olaraq, Türkiyənin regional sülhün təmin edilməsi istiqamətində atdığı addımlar və diplomatik forumlardakı fəallığı xüsusi qeyd olunub. Rəsmi Ankara qlobal güclərin sülh yönümlü yanaşmalar nümayiş etdirməməsi halında zərərin daha da artacağı barədə xəbərdarlıq edib.