Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı kəskin xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, CNBC telekanalına müsahibə verən dövlət başçısı bildirib ki, rəsmi Tehran nüvə fəaliyyətlərini dayandırmasa, Vaşinqton yenidən hərbi güc tətbiq etməyə hazırdır.
"Onlar nüvə araşdırmalarını dayandırmalıdırlar. Əgər bu fəaliyyətlər davam edərsə, ABŞ-ın İrana hücumu yenidən baş verə bilər", - deyə Tramp vurğulayıb.
Jurnalistin hərbi əməliyyatların təkrarlanma ehtimalı barədə sualına prezident "ola bilsin" cavabını verərək, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyini qətiyyətlə qeyd edib.
Xatırladaq ki, ABŞ 22 iyun 2025-ci il tarixində İranın İsfahan, Nətənz və Fordo şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib. Tramp ümid etdiyini bildirib ki, növbəti hərbi addımlara ehtiyac qalmayacaq, lakin Vaşinqtonun Tehranın hərəkətlərini və ölkədəki etiraz aksiyalarını yaxından izləməyə davam edəcəyini əlavə edib.