ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etməyə və bunu tezliklə həyata keçirməyə maraqlı olduğunu bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Trampın bu fikirlərini rədd edib. O, “X” platformasında yazıb ki, İranın şərtləri yerinə yetirilməyənədək Tehran danışıqlara getməyəcək.
“ABŞ prezidentinin ‘danışıqlar yoxdur’ və ‘danışıqlara hazırıq’ kimi ziddiyyətli mesajlarına aldanmayın. İranın şərtləri yerinə yetirilməyənədək danışıqlar olmayacaq”, – Rzayi qeyd edib.
Bu açıqlamalar Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda səslənib. Bölgədəki qarşıdurma neft tədarükü və strateji Hörmüz boğazından gəmiçiliklə bağlı narahatlıqları gücləndirib.
Gəmiçilik məlumatlarına görə, həftənin əvvəlində Hörmüz boğazından keçən yük gəmilərinin sayı kəskin azalıb. Bazar ertəsi strateji su yolundan dörd əmtəə daşıyan gəmi keçib. Bu göstərici əvvəlki gün 10 olub.
Yəmən hökumətini dəstəkləyən qüvvələr isə son döyüşlər zamanı husilərin 76 mindən çox şəxsi səfərbər etdiyini açıqlayıb. Milli Müqavimət Qüvvələrinin məlumatına əsasən, husilər avqustun 9-dan sentyabrın 9-dək 130 ballistik raket, 145 pilotsuz uçuş aparatı və partlayıcı yüklənmiş 15 qayıqdan istifadə edib.
Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun üzvləri isə İrana qarşı yeni ABŞ zərbələrini pisləyib və hərbi əməliyyatlara qarşı olduqlarını bildiriblər.