AnewZ-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp hərbçilərə Ayova ştatında köhnəlmiş partlayıcı maddələrin məhv edilməsini federal məhkəmə qərar çıxaranadək və qubernator seçilmiş Rob Sand əməliyyata razılıq verənədək təxirə salmağı tapşırıb.
ABŞ Ordusu Ayova Ordu Sursat Zavodunda hərbi sursatlarda istifadə edilən partlayıcı kimyəvi maddə — qurğuşun azidi olan 68 çəlləyi məhv etməyi planlaşdırırdı. Çəlləklərdə ümumilikdə təxminən 4 500 kiloqram maddə var. Yerli sakinlər və ətraf mühit təşkilatları partlayış nəticəsində zəhərli qurğuşun tozunun ətrafa yayıla biləcəyini bildiriblər.
Tramp qərarı noyabrın 23-də, bazar ertəsi, “Truth Social” platformasında açıqlayıb və hərbçilərə məhkəmənin qərarını gözləməyi tapşırıb. O yazıb ki, problemi həll etməyin düzgün yolu partlayıcıları məhv etməkdir, lakin Səkkizinci Dairə Apellyasiya Məhkəməsi əməliyyatın davam etdirilməsinə razılıq verənədək bunu etməməyi əmr edib. Tramp əlavə edib ki, qərarın qüvvəyə minməsi Rob Sandın əməliyyata razılığından da asılıdır.
Partlatma əvvəlcə noyabrın 20-nə planlaşdırılmışdı, lakin ictimaiyyətin narahatlığından sonra təxirə salınmışdı.
Məhkəmə müvəqqəti qadağanı ləğv edib
Səkkizinci Dairə Apellyasiya Məhkəməsi noyabrın 19-da, cümə axşamı, ABŞ Ordusunun ekoloji icazəsini müvəqqəti dayandıraraq əməliyyata mane olmuşdu. Bazar ertəsi məhkəmə bu qərarı ləğv edib və daha geniş hüquqi mübahisə davam etdiyi vaxt Ordunun əməliyyatı həyata keçirməsinə imkan yaradıb.
Hakimlər ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) qurğuşun tozunun yayılmasını məhdudlaşdırmaq və mümkün təmas risklərini azaltmaq üçün qabaqlayıcı tədbirlər gördüyünü bildiriblər.
Ayova Ətraf Mühit Şurası və “Sierra Club” təşkilatı hüquqi iddia qaldıraraq, səlahiyyətli qurumların ekoloji riskləri lazımi qaydada qiymətləndirmədiyini və alternativləri nəzərdən keçirmədiyini irəli sürüblər.
ABŞ Ədliyyə Nazirliyi məhkəməyə təqdim etdiyi sənəddə nəzarətli partlayışın nəzarətsiz partlayışdan doğa biləcək daha böyük təhlükənin qarşısını almaq üçün vacib olduğunu bildirib. Rəsmilər çəlləklərin daşınmasının özünün də partlayışa səbəb ola biləcəyini deyiblər.
EPA Ayovada havanın temperaturunun -1°C-dən aşağı düşməsinin gözlənildiyini və bunun təsadüfi partlayış riskini artırdığını xəbərdar edib. Məhkəmənin qərarı və Trampın göstərişindən sonra əməliyyatın nə vaxt keçiriləcəyi qeyri-müəyyən olaraq qalır.