ABŞ-ın Texas ştatının Ostin şəhərində federal immiqrasiya agenti tərəfindən güllələnən 28 yaşlı venesuelalı Vilber Rafael Qarses Peres xəstəxanada müalicə aldıqdan sonra yenidən immiqrasiya saxlama mərkəzinə yerləşdirilib.
Onun vəkili Keyt Linkoln-Qoldfinçin sözlərinə görə, Peres güllə kürəyində qaldığı halda bir gecəni saxlanma mərkəzində keçirib. O, sentyabrın 22-də xəstəxanaya aparılıb, daha sonra Ostindən təxminən 209 kilometr cənub-qərbdə yerləşən başqa bir saxlama müəssisəsinə qaytarılıb.
Vəkil və rəsmilər fərqli açıqlamalar verib
Peres bazar ertəsi keçirilən mətbuat konfransı zamanı telefonla danışaraq vəziyyətinin yaxşı olmadığını və lazımi tibbi yardım almadığını deyib. “Aldığım güllə yarasına görə özümü yaxşı hiss etmirəm”, – o, ispan dilində bildirib.
Peres həmçinin saxlanma mərkəzində döşəmədə yatmağa məcbur edildiyini söyləyib. İmmiqrasiya və Gömrük Xidmətinə (“ICE”) nəzarət edən ABŞ Daxili Təhlükəsizlik Departamenti isə bu iddianı təkzib edib və ona ağrıkəsici dərmanlar, eləcə də digər tibbi yardım göstərildiyini açıqlayıb.
Polis görüntüləri yayımlanıb
Ostin Polis Departamenti atışma ilə bağlı əməkdaşların bədən kameralarından çəkilmiş görüntüləri yayıb. Videolardan birində Peres avtomobilində oturarkən iki “ICE” əməkdaşının yaxınlıqda dayandığı görünür. O, polisə çiyninin ağrıdığını deyir, bundan sonra avtomobildən çıxarılaraq qandallanır. Əməkdaşlardan biri onun köynəyini kəsir və kürəyinin yuxarı hissəsindəki güllə yarası görünür.
Peres bazar günü “DoorDash” çatdırılma sürücüsü kimi işlədiyini, avtomobilinin immiqrasiya agentlərinin maşını tərəfindən yan tərəfdən vurulduğunu bildirib. Onun sözlərinə görə, agentlər özlərini təqdim etməyib, işıq siqnallarından və sirendən istifadə etməyib. Peres atəş açılan zaman avtomobildə olduğunu və piyada təqibinin baş vermədiyini deyib.
Ostin polisi isə bazar günü Peresin agentlərdən qaçdığını açıqlamışdı.
İstintaq davam edir
Travis dairəsinin prokurorluğu atışma araşdırılan müddətdə Daxili Təhlükəsizlik Departamentindən Peresin ölkədən çıxarılması prosedurunu dayandırmağı xahiş edib. Prokurorluq onun deportasiya olunacağı təqdirdə iş üzrə əsas şahid kimi iştirak imkanlarının “ciddi şəkildə məhdudlaşacağını” bildirib.