ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunması məqsədi ilə İrana qarşı yeni hərbi əməliyyatlara başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına əsasən, İran ərazisində sahil xətti boyunca yerləşən hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər, eləcə də hərbi logistika infrastrukturu hədəfə alınıb.
ABŞ tərəfi ümumilikdə 90-a yaxın hərbi obyektin vurulduğunu açıqlayıb.
ABŞ-nin əməliyyatlarına cavab olaraq İran bölgədəki hərbi fəallığını artırıb.
Tehran rəsmiləri, o cümlədən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazının yalnız İranın irəli sürdüyü şərtlər əsasında açılacağını bildirib.
İran tərəfi ABŞ-nin təzyiqlərinə qarşı sərt addımların atılacağını bəyan edərək, bölgədəki vəziyyətin Vaşinqtonun hərəkətləri nəticəsində daha da gərginləşdiyini iddia edib.
Artan hərbi qarşıdurma region ölkələrinə də təsir göstərib.
Məlumata görə, İran tərəfindən Küveyt və Bəhreyn istiqamətində raket və dron hücumları həyata keçirilib. Küveyt ordusu hücum nəticəsində bir nəfərin yaralandığını və bəzi obyektlərə ziyan dəydiyini açıqlayıb.
Bəhreyn Daxili İşlər Nazirliyi isə ölkə ərazisində xəbərdarlıq sistemlərinin işə düşdüyünü bildirərək, sakinləri təhlükəsiz ərazilərə keçməyə çağırıb.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın İordaniyaya qarşı həyata keçirdiyi raket hücumlarını pisləyib və bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.
Beynəlxalq enerji bazarlarında da gərginlik özünü göstərib. Məlumata görə, qarşıdurmanın genişlənməsi fonunda neft qiymətləri təxminən 5 faiz artıb.
Son hərbi əməliyyatlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 3 üzvünün öldüyü bildirilir.
Ümumilikdə isə son iki gün ərzində baş verən hücumlar nəticəsində 14 nəfərin həyatını itirdiyi, 78 nəfərin yaralandığı qeyd olunur.
İranın rəsmi mənbələri ölkənin cənubunda yerləşən Konarak hərbi dəniz bazasına “düşmən” tərəfindən hücum edildiyini də təsdiqləyib.
Diplomatik gərginlik də davam edir. İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Tehrandakı səfirini çağıraraq, Londona qarşı “əsassız iddialar” və “terror şəbəkələrinə dəstək” ilə bağlı etirazını bildirib.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benjamin Netanyahu arasında keçirilən telefon danışığında regiondakı təhlükəsizlik vəziyyəti və İrana qarşı atılan addımlar müzakirə olunub.