İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qadın könüllülər üçün hərbi təlim düşərgəsi açıb. “AnewZ” yazır ki, Tehran mümkün quru hücumlarına hazırlıq görərkən bu addım ABŞ-ın bölgəyə qoşun göndərmək və qonşu ölkələrdə silahlı qruplara dəstək verməklə bağlı təhdidləri fonunda atılıb.
Tehranın Azadi meydanında yerləşən düşərgə paytaxtda yaradılan dördüncü belə mərkəzdir. SEPAH-ın könüllü qüvvələri bundan əvvəl Tehranın şimalındakı Tacriş meydanında kişilər üçün təlim mərkəzi açmışdı.
“İran üçün fədakarlıq” kampaniyası İran, İsrail və ABŞ-ın iştirak etdiyi 2026-cı il müharibəsinin ikinci mərhələsindən sonra, İnqilab Keşikçilərinin daha geniş səfərbərlik təşəbbüsünün tərkib hissəsi kimi başladılıb.
Təlim düşərgələri ABŞ-ın Fars körfəzindəki İran adalarını ələ keçirmək, Oman körfəzi və Hörmüz boğazı ətrafında əməliyyatlar keçirmək təhdidləri fonunda yaradılıb.
Kampaniyaya, yayılan məlumatlara görə, milyonlarla könüllü qoşulub. Rəsmilər ölkə üzrə 31 milyondan çox insanın qeydiyyatdan keçdiyini bildiriblər. Təlimlərə döyüş hazırlığı, dronlardan istifadə, çiyindən atılan silahlarla işləmə və ilk yardım daxildir.
Yeni açılan düşərgədə qadın könüllülər yüngül və ağır pulemyotlardan istifadə bacarıqlarını nümayiş etdirib, həmçinin kəndirlə enmə məşqləri keçiriblər.
İran və ABŞ arasında sülh səyləri nəticə vermir
İran və ABŞ arasında davamlı sülhə nail olmaq cəhdləri, tərəflərin təklif və əks-təkliflər mübadiləsinə baxmayaraq, ciddi irəliləyiş əldə etməyib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi danışıqlar barədə xəbərləri “xəyali danışıqlar haqqında saxta xəbərlər” adlandırıb və Vaşinqtonu Tehranın sülh şərtlərinə “təslim olmağa” çağırıb.
“İrana qarşı müharibə artıq ABŞ hökumətini dağıdıb. Amma Vaşinqton çıxılmaz vəziyyətdə olan qumarbaz kimi vurnuxur. Kartlarınızı yerə qoyun. Xəyali danışıqlar barədə saxta xəbərlər yaymağı dayandırın. Qərbi Asiyada yeni nizamı inkar etməyə son qoyun”, – deyə o, çərşənbə axşamı “X” sosial şəbəkəsində yazıb.
Rzayi əlavə edib: “İranın dəfələrlə irəli sürdüyü yeddi şərti qəbul etməyin vaxtıdır”. Bu tələblərə dəniz blokadasının və iqtisadi sanksiyaların ləğvi, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması daxildir.
İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi “X”də paylaşım edərək Tehranın iki günlük sülh təklifinin qüvvədə qaldığını bildirib.
“Amerikalı seçicilər öz seçimlərini ediblər. İndi Ağ Evin qərar verməsinin vaxtıdır. İki günlük təklifimiz qüvvədədir: müharibənin bütün cəbhələrdə dayandırılması da daxil olmaqla tələbləri yerinə yetirin, nəticəsini görəcəksiniz”, – Əraqçi yazıb.
O, xəbərdarlıq edib: “Ya da müharibəni seçin və hazırlıqlı, döyüş təcrübəsi olan döyüşçülərimizin üzərinizə cəhənnəm yağdırdığını görün”.