Tayvanda prezident seçkiləri keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı vəzifəsi uğrunda mübarizə, əsasən, hakim Demokratik Proqressiv Partiyasından Uilyam Lay, Çin Millətçi Partiyasından Hou Yui və Tayvan Xalq Partiyasından Ko Ven-tsze arasında gedir.
Liderlər ötən gün sonuncu dəfə təşviqat mitinqlərində iştirak ediblər.
Uilyam Lay çıxışı zamanı tərəfdarlarını demokratiya qabaqcıllarının yolunu davam etdirməyə çağırıb.
“Mən həkiməm. Lakin ölkəmdə yenicə başlayan demokratiyanı qorumaq istədim. Yaxşı qazanc gətirən işimi bir kənara qoyub demokratiya yolunda böyüklərimizin atdığı addımları izləməyə qərar verdim” – deyə Lai bildirib.
Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir, lazım gələcəyi təqdirdə, adada müstəqil siyasət aparan siyasi gücü hərbi yolla məhv edəcəyinə dair xəbərdarlıq edib.
Tayvanda keçiriləcək seçkilər, xüsusilə, rəhbərliyin əsas müttəfiqi Amerika Birləşmiş Ştatları tərəfindən yaxından izlənilir. Çin rəsmilərinin tayvanlı seçiciləri “doğru seçim” etməyə çağırmaqla təhdid etdiyi ifadə olunur.
Rəsmi Vaşqinton isə Çin hökumətini Tayvan ətrafında gərginlik yaratmamağa səsləyib.