Strateji əhəmiyyətə malik Hörmüz boğazında tankerə naməlum sursatla zərbə endirilib. Nəticədə gəmidə yanğın baş verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatının məlumatına görə, yerli hakimiyyət orqanları tankerin naməlum istiqamətdən atılan mərmi ilə vurulduğunu bildirib.
Hadisə nəticəsində gəmidə yanğın başlayıb. Yanğının qısa müddət ərzində söndürüldüyü və bütün ekipaj üzvlərinin təhlükəsiz olduğu açıqlanıb.
Rəsmi məlumatlara əsasən, insident nəticəsində ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Hadisənin ətraf mühitə hər hansı mənfi təsir göstərdiyi barədə də məlumat daxil olmayıb.
Hadisənin səbəbləri və tankerin hansı tərəfdən atəşə tutulduğu araşdırılır. UKMTO Hörmüz boğazından keçən gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.