Sudanın Qərbi Kordofan vilayətində, Çevik Dəstək Qüvvələrinin (RSF) nəzarətində olan Nuhud şəhəri yaxınlığındakı "Zera" qızıl mədənində baş verən dəhşətli uçqun nəticəsində həlak olanların sayısı 82-yə yüksəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə regional Təcili Müdaxilə Otaqlarının nümayəndələri və yerli idarəetmə orqanları məlumat yayıb.
Məlumata görə, artisanal (ənənəvi) üsulla istismar olunan mədəndə uçqun şaxtalardan birində başlayaraq bir-biri ilə əlaqəli digər quyulara zəncirvari şəkildə yayılıb. Hadisə yerində xüsusi ağır texnikanın çatışmaması və axtarış-xilasetmə işlərində yalnız bir ədəd fərdi texnikadan istifadə olunması fəsadların aradan qaldırılmasını kəskin çətinləşdirir. Xilasedicilər və mədənçilər ibtidai alətlərlə 30 metrdən artıq dərinlikdə torpaq və qaya parçaları altında qalan onlarla insana çatmağa çalışırlar.
Sudan Həkimləri Şəbəkəsi mədən sahəsində elementar təhlükəsizlik standartlarına riayət olunmadığını bildirib. Məlumat üçün bildirək ki, 2025-ci ilin may ayından fəaliyyət göstərən "Zera" mədəni kimi ibtidai şaxtalarda 2 milyondan çox insan çalışır və ölkədə hasil edilən ümumi qızılın təxminən 80 faizi məhz bu cür riskli yollarla əldə olunur.