ABŞ İrana danışıqlar üçün bir neçə günlük vaxt verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ administrasiyası İrana danışıqlar masasına qayıtması üçün bir neçə gün vaxt verməyi planlaşdırır. Əks halda hərbi əməliyyatların yenidən başlaya biləcəyi istisna olunmur.
Məlumata görə, Tramp administrasiyası atəşkəsin 3–5 gün müddətinə uzadılmasına hazırdır, lakin bu müddətin qeyri-müəyyən olmayacağı vurğulanıb.
“Diplomatik səylərə bir az daha vaxt vermək qərara alınıb”, – deyə amerikalı rəsmi bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl “Truth Social” platformasında İranla atəşkəsin uzadılmasına dair niyyətini açıqlamışdı.
Digər tərəfdən, İran parlament sədrinin müşaviri Mehdi Məhəmmədi bu addımı tənqid edərək, atəşkəsin uzadılmasını “hiylə” adlandırıb və bunun Tehrana qarşı yeni hücumlara hazırlıq məqsədi daşıya biləcəyini iddia edib. O, həmçinin ABŞ-nin məğlub tərəf kimi şərt diktə edə bilməyəcəyini bildirib.