ABŞ İranla müharibənin səbəb olduğu təchizat böhranını tənzimləmək üçün Strateji Neft Ehtiyatından (SPR) neft tədarükünü davam etdirir. CNN-in ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən yaydığı xəbərə görə, təkcə ötən həftə bazara 8 milyon barel neft çıxarılıb. Ondan əvvəlki həftə isə bu rəqəm 9,1 milyon barel təşkil edib.
Hazırda ABŞ-nin strateji ehtiyatlarında 357,1 milyon barel neft mövcuddur. Federal məlumatlar göstərir ki, bu, 2024-cü ilin yanvar ayından bəri qeydə alınan ən aşağı göstəricidir.
"Bloomberg"in enerji və əmtəə üzrə analitiki Xavyer Blass bildirib ki, cari temp qorunacağı təqdirdə, ehtiyatların həcmi gələn həftənin sonuna qədər Co Bayden administrasiyası dövründəki minimum səviyyədən də aşağı düşəcək.
CNN-in məlumatına görə, İrana qarşı hərbi əməliyyatlar başlayandan bəri ABŞ strateji ehtiyatlarından təxminən 58 milyon barel, yəni ümumi həcmin 14 faizi qədər neft çıxarılıb. Ekspertlər ehtiyatların azalmasının gələcəkdə yarana biləcək təchizat çatışmazlıqlarını kompensasiya etmək imkanlarını məhdudlaşdıra biləcəyindən narahatdırlar.