"ABŞ tərəfindən İran limanlarına tətbiq olunan dəniz blokadası İran iqtisadiyyatını zəiflətməkdə davam edəcək".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
“Blokada və İqtisadi təcrid əməliyyatı çökməkdə olan İran iqtisadiyyatını məhv edəcək. Son 14 gün ərzində ABŞ-nin müşayiəti ilə 130 milyon barrel neft ixrac edilib. İrandan isə sıfır”, - Bessent qeyd edib.
ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, Vaşinqton iqtisadi təzyiq kampaniyası çərçivəsində İranın bütün maliyyələşmə mənbələrini bloklamağı planlaşdırır.
İran parlamentinin sədr müavini Əli Nikzad isə IRNA agentliyinə müsahibəsində bildirib ki, 15 qonşu ölkəsi, açıq dənizlərə çıxışı, Fars körfəzi və Oman dənizində strateji mövqeyi, həmçinin Şərqi və Qərbi Asiya ilə möhkəm əlaqələri olan İranı təcrid etmək asan deyil.
Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində zəruri məhsulların və enerji resurslarının tədarükü davam edib. Nikzad qeyd edib ki, təhlükəsizlik təhdidlərinə və dəfələrlə tətbiq olunan iqtisadi təzyiqlərə baxmayaraq, ölkə həyati əhəmiyyət daşıyan sahələrdə boşluq və ya qeyri-sabitliyin yaranmasının qarşısını ala bilib.
Qeyd edək ki, ABŞ həmçinin İrana yardım göstərən istənilən ölkəyə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.