ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ ilə İran arasında əldə olunan razılaşma Amerikanın nümayiş etdirdiyi gücün nəticəsidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O vurğulayıb ki, tərəflər arasında etimad münasibəti yoxdur və atılacaq hər bir addım konkret nəticələrə əsaslanacaq.
Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlama verən Heqset bildirib ki, bu razılaşmanı əvvəlki sazişlərdən fərqləndirən əsas məqam onun ABŞ-nin real hərbi və siyasi gücü sayəsində əldə olunmasıdır.
Onun sözlərinə görə, əvvəlki İran nüvə sazişi uzun sürən danışıqlar və diplomatik təşəbbüslər nəticəsində formalaşmışdı. Hazırkı razılaşma isə aylarla davam edən bombardmanlar və keçilməsi mümkün olmayan blokadadan sonra ortaya çıxıb.
“İran danışıqlar masasına oturmağa və bu razılaşmanı qəbul etməyə məcbur qaldığı vəziyyətə gətirildi”, - deyə Heqset bildirib.
ABŞ müdafiə naziri qeyd edib ki, İranın nüvə silahına sahib olmasına yol verilə bilməz.
“İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək. Digər təhlükəli silah növlərinə sahib olması da qəbuledilməzdir və bunu hamı bilir. Buna görə həm hərbi fəaliyyətlərimiz, həm də gələcək danışıqlarımız bu məqsəd ətrafında formalaşacaq”, – deyə o əlavə edib.