ABŞ və İran nümayəndələri altı həftəlik müharibəyə son qoymaq məqsədilə son 50 ilin ən yüksək səviyyəli danışıqlarını Pakistanda keçiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə başladığını bəyan edib.
İslamabadda ABŞ, İran və Pakistan arasında üçtərəfli danışıqların yeni mərhələsi başlayıb. "Reuters" agentliyinin məlumatına görə, Hörmüz boğazı danışıqlarda əsas fikir ayrılığı nöqtəsi olaraq qalır. ABŞ vitse-prezidenti Cey Di Vens və xüsusi elçilər prosesi sürətləndirmək üçün Pakistana səfər ediblər.
ABŞ hərbçiləri qlobal neft ticarəti üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazını minalardan təmizləmək planının bir hissəsi olaraq iki hərbi gəminin boğazdan keçdiyini bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu "X" platformasında etdiyi paylaşımda İsrailin İran və onun müttəfiqlərinə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışıqları apararaq, atəşkəsə riayət olunmasının vacibliyini qeyd edib.
"Anadolu" agentliyinin məlumatına görə, İsrailin Livan ərazisinə endirdiyi yeni aviazərbələr nəticəsində ən azı 22 nəfər həyatını itirib.
ABŞ Dövlət katibi Marko Rubio İranın keçmiş vitse-prezidenti Məsumə Ebtəkarın qohumlarının vizalarının ləğv edildiyini açıqlayıb.
Bundan əlavə, Çinə məxsus iki supertankerin Hörmüz boğazından keçdiyi bildirilir. Ağ Ev isə ABŞ-ın xaricdəki İran aktivlərinin dondurulmasını ləğv etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.