Şimali Koreyanın Misir və Yəməndəki səfiri Ma Donq Hee ABŞ-ın Ənsarullah hərəkatının nəzarətində olan Yəmən torpaqlarına hücumlarını pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“ABŞ-ın əsas hava və dəniz qüvvələri, o cümlədən nüvə mühərrikli aviadaşıyıcı, fərq qoymadan hərbi zərbələr törədib, uşaq və qadınlar da daxil olmaqla, yüzlərlə günahsız dinc sakini öldürüb və ya yaralayıb və böyük maddi ziyana səbəb olub”, - deyə diplomat bildirib.
Husi hökumətinin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində 53 nəfər ölüb, 98 nəfər yaralanıb. Husilər öldürülənlərin hamısının mülki vətəndaşlar olduğunu iddia edir.
Ma Donq Hee bildirib ki, ABŞ-ın hazırkı hücumları BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və başqa bir dövlətin ərazisinə və suverenliyinə birbaşa təcavüzdür və heç bir şəkildə haqq qazandırıla bilməz.