Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi Gürcüstanda keçirilən beynəlxalq turnirin qalibi olub. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, yarışda Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanı təmsil edən 10 komanda iştirak edib.
Böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərlik etdiyi komandanın heyətində Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı və Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov və Hüseyn Mustafazadə (55 kq), Abdurahman Hüseynli və Qurban Məcnunov (60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov və Zəka Yusubov (80 kq), Zöhrab Səfərov və Ruslan Nuriyev (92 kq), həmçinin Məhəmməd Orucov (110 kq) yer alıb.
Azərbaycan millisi turnirdə beş görüş keçirib. Güləşçilər Ermənistanın Gümrü və İrəvan, Gürcüstanın Batumi şəhərlərinin komandalarını, eləcə də yarımfinalda təşkilatçı ölkənin yığmasını məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Acarıstan komandası ilə qarşılaşan Azərbaycan millisi 5:5 hesablı heç-heçəyə baxmayaraq, təmiz qələbələrin sayında üstün olub və çempionluq kubokuna sahib çıxıb. Yarış yeniyetmə güləşçilərin beynəlxalq təcrübəsinin artırılması və qarşıdakı rəsmi turnirlərə hazırlığı məqsədi daşıyıb.