Pakistan Türkiyə və Fars körfəzi ölkələri ilə həmrəylik ifadə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.
Ş. Şərif Türkiyə lideri ilə telefon danışığı barədə "X"də məlumat yayıb, Türkiyə və regiondakı digər qardaş ölkələrə yönəlmiş hücumları qəti şəkildə qınadığını bildirib. "Pakistanın Türkiyə və Körfəz ölkələri ilə olan sarsılmaz həmrəyliyini yenidən təsdiqlədim, gərginliyin azaldılması və dialoq üçün göstərilən bütün səylərə dəstək verməyə hazır olduğumuzu çatdırdım",- Pakistanın Baş naziri qeyd edib.
Liderlər Əfqanıstandakı vəziyyətə dair fikir mübadiləsi də aparıblar:
"Türkiyənin Pakistanla Əfqanıstan arasında sülhün yaradılması səylərini dəstəkləməsi, xüsusilə də bayram günlərində elan etdiyimiz müvəqqəti atəşkəsə verdiyi son töhfələri təqdirlə qarşıladığımı bildirdim".
Söhbət zamanı Pakistan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.