ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarla bağlı səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni qəbul etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, keçirilən səsvermədə qətnamənin lehinə 47 senator, əleyhinə isə 48 senator səs verib. Bununla da sənəd Senatda kifayət qədər dəstək qazana bilməyib.
Son aylarda ABŞ-də prezidentin Konqresin razılığı olmadan başqa bir ölkəyə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq səlahiyyətinə malik olub-olmaması ilə bağlı geniş müzakirələr aparılır. Tramp administrasiyası prezidentin bu sahədə hər hansı məhdudiyyətlə üzləşmədiyini bildirsə də, Konqresin bir çox üzvü hesab edir ki, belə qərarlar yalnız icra hakimiyyətinin deyil, qanunverici orqanın da təsdiqini tələb edir.
Qeyd olunub ki, 1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsasən, Konqres müharibə elan etmədiyi və ya hərbi gücdən istifadəyə icazə verən qanun qəbul etmədiyi halda, prezident 60 gün ərzində hərbi əməliyyatları dayandırmalıdır. Qanun yalnız bir dəfə olmaqla əlavə 30 günlük uzadılmaya imkan verir. Bunun üçün prezident Konqresə qoşunların təhlükəsiz şəkildə geri çəkilməsi məqsədilə əlavə vaxtın zəruri olduğunu yazılı şəkildə bildirməlidir.
Xatırladaq ki, iyunun 3-də ABŞ Nümayəndələr Palatası dörd respublikaçı və demokrat konqresmenin dəstəyi ilə qətnaməni təsdiqləmişdi. Sənədin qəbul olunması üçün Palatada dördüncü səsvermə keçirilmiş və bundan sonra baxılması üçün Senata göndərilmişdi.