Çindəki Pekin Universitetinin alimləri Çin Elmlər Akademiyasının Şanxay Mikrosistemlər və İnformasiya Texnologiyaları İnstitutu ilə birgə insan beyninin mürəkkəb qıvrımlı səthini 10 millisaniyədən az müddətdə yüksək dəqiqliklə modelləşdirə bilən yeni memristor çipi hazırlayıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, araşdırmanın nəticələri nüfuzlu "Science" jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, zamanla dəyişən mürəkkəb sistemlərin modelləşdirilməsi üçün istifadə olunan süni intellekt alqoritmləri fiziki simulyasiya, tibbi görüntüləmə və beynin üçölçülü rekonstruksiyası kimi sahələrdə geniş tətbiq olunur.
Lakin ənənəvi kompüterlərdə məlumatların yaddaş və prosessor arasında davamlı ötürülməsi həm sürəti azaldır, həm də enerji sərfiyyatını artırır.
Yeni memristor çipi isə hesablamaları birbaşa məlumatların saxlanıldığı yaddaşda həyata keçirərək bu problemi aradan qaldırır. Bunun nəticəsində beyin modelinin qurulması prosesi daha yüksək sürətlə və daha az enerji sərf etməklə başa çatır.
40 nanometrlik texnologiya ilə istehsal olunan və cəmi 0,28 kvadrat millimetr sahəni əhatə edən çip 50 MHz tezlikdə işləyir.
Sınaqlar zamanı o, neyron dinamikasının hesablanmasında müasir ASIC prosessorlarından 3,82–36,27 dəfə daha sürətli, eyni zamanda 11,75–24,73 dəfə daha az enerji sərf edib.
Beyin qabığının üçölçülü rekonstruksiyasında isə NVIDIA A100 qrafik prosessoru ilə müqayisədə 478 dəfəyədək sürət üstünlüyü nümayiş etdirib.
Testlər zamanı çip beynin ağ və boz maddələri arasındakı sərhədləri yüksək dəqiqliklə modelləşdirərək mürəkkəb beyin qıvrımlarını qoruyub və topoqrafik baxımdan uyğun üçölçülü səthlər yaradıb.
Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə beyin-kompüter interfeysləri, rəqəmsal beyin əkizləri, əməliyyat zamanı real vaxt naviqasiya sistemləri, eləcə də Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin tədqiqi və müalicəsində mühüm rol oynaya bilər.