İqlim böhranının təsiri ilə artan ekstremal istilər Avropa boyunca çayları, gölləri və torpaqdakı rütubəti sürətlə buxarlandıraraq quraqlığı daha da dərinləşdirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Dünya Hava Atributu (WWA) alimlərinin apardığı araşdırmaya görə, rekord səviyyəyə çatan isti dalğaları çaylardan, göllərdən, torpaqdan və bitkilərdən su itkisini əhəmiyyətli dərəcədə artırıb.
Araşdırmada bildirilir ki, yüksək temperaturun yaratdığı bu şərait qlobal istiləşmə səbəbindən Qərbi Avropada 80 dəfə, Şərqi Avropada isə 40 dəfə daha çox ehtimal olunur. Fosil yanacaqlardan qaynaqlanan çirklənmənin torpağın qurumasına təsiri Qərbi Avropada 5 dəfə, Şərqi Avropada isə 11 dəfə artıb.
Mütəxəssislər qeyd edirlər ki, Qərbi Avropada ötən qış mövsümü yağışlı keçməsinə baxmayaraq, yay aylarında müşahidə olunan yüksək temperatur quraqlığın əsas səbəbinə çevrilib. Əvvəllər “orta” səviyyədə qiymətləndirilən quraqlıq şəraiti hazırda “ekstremal” səviyyəyə yüksəlib.
İyunun sonunadək olan dövrü əhatə edən təhlildə quraqlığın su ehtiyatlarına və kənd təsərrüfatına ciddi mənfi təsir göstərdiyi vurğulanır. Bir sıra ölkələrdə fövqəladə su istifadəsi məhdudiyyətləri tətbiq olunub. Böyük Britaniyanın cənub bölgələrində isə bağların və əkin sahələrinin şlanqla suvarılmasına qadağa qoyulub.
İspaniya və Fransada meşə yanğınlarının geniş ərazilərə yayıldığı, fermerlərin isə son illərin ən quru torpaq şəraiti ilə üzləşdiyi bildirilir. Avropa üzrə təxminən 9 milyon ton taxıl itkisi gözlənilir. Fransada son 50 ilin ən aşağı qarğıdalı məhsuldarlığının qeydə alınacağı proqnozlaşdırılır. Rumıniyada isə 1 milyondan çox hektar əkin sahəsi zərər görüb.
Nəqliyyat və enerji sektorunda da quraqlığın təsirləri hiss olunur. Avropa çaylarında su səviyyəsinin aşağı düşməsi hidroelektrik enerji istehsalını azaldıb, eyni zamanda yük daşımalarında ciddi çətinliklər yaradıb. Hollandiyada Reyn çayında su səviyyəsi 1976-cı ilin rekord aşağı göstəricisindən də aşağı enib.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu vəziyyət ərzaq və enerji qiymətlərinin bahalaşmasına səbəb ola, xüsusilə də aşağı gəlirli ailələrə ciddi təsir göstərə bilər.
Araşdırma müəllifləri insan fəaliyyəti nəticəsində yaranan iqlim böhranı ilə Avropada müşahidə olunan quraqlıq arasında əlaqənin getdikcə gücləndiyini bildirirlər. ETH Sürix Universitetinin alimi Dominik Şumaxer qeyd edib ki, hələ yay başlamamış yaz aylarında torpaqda qeyri-adi quruma müşahidə olunub. Onun sözlərinə görə, 2026-cı ildə quraqlıq 2022-ci illə müqayisədə təxminən iki ay daha erkən başlayıb.
"Imperial College London"un alimi Mariam Zəkəriyyə isə hazırkı vəziyyətin Yer kürəsində orta temperaturun 1,4 dərəcə artdığı şəraitdə baş verdiyini vurğulayıb. O bildirib ki, istixana qazı emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılmasa, gələcəkdə güclü buxarlanma və quraqlıq hadisələri daha tez-tez baş verəcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə rəhbəri Saymon Stiell də Avropada müşahidə olunan quraqlıqların planetin təhlükəli səviyyədə istiləşdiyini göstərən açıq xəbərdarlıq olduğunu bildirərək, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin vacibliyini vurğulayıb.