Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi sosial şəbəkə hesablarında Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə endirdiyi növbəti kütləvi raket və hava zərbələrinə dair geniş bəyanatla çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, V.Zelenski paytaxt Kiyev şəhərinin ballistik raketlərlə hədəfə alındığını bildirib.
Ukrayna dövlət başçısı müttəfiq ölkələrin bu dəfəki kütləvi hava hücumu barədə Kiyevi əvvəlcədən xəbərdar etmədiyini diqqətə çatdırıb. O, zərbələr nəticəsində paytaxtın strateji enerji obyekti sayılan 4 saylı istilik-elektrik mərkəzinə (İEM-4) ciddi ziyan dəydiyini vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın üç gün əvvəl Rusiya və Ukrayna arasında enerji infrastrukturlarına hücumların dayandırılmasına dair razılaşmanın əldə olunduğunu elan etməsini xatırladan Zelenski kəskin reaksiya verib: “Rusiya tərəfi ABŞ Prezidentinin bəyanatlarına və əldə olunan razılaşmalara əməl etməyi vacib hesab etmir”.
Ukrayna Prezidenti digər paylaşımında Rusiya ordusunun gecə ərzində Ukrayna ərazisinə 39 ballistik raket və 120-dən çox kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) buraxdığını bildirib. Hücumların əsasən Kiyev və Xarkov vilayətlərindəki kritik və energetika infrastrukturlarını hədəf aldığı qeyd olunub. Zelenski baş verənləri qiymətləndirərkən “Rusiyanın Birləşmiş Ştatlara qarşı nümayiş etdirdiyi bu açıq hörmətsizliyin miqyası indiyədək görünməyib” ifadəsini işlədib.
Ukrayna rəhbərinin təqdim etdiyi məlumatlara görə, ölkə üzrə elektrik, təbii qaz və neft təsərrüfatına aid 26 mühüm obyektdə kütləvi dağıntılar və zədələnmələr qeydə alınıb: “Təəssüf ki, hazırda ölkə üzrə ən azı 600 min nəfər elektrik enerjisindən məhrum olub. Şəbəkələrdə daha kütləvi və genişmiqyaslı kəsintilərin olması istisna edilmir”.
Zelenski beynəlxalq birliyi Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb. O, Rusiya rəhbərliyinin gərginliyi azaltmaq fürsətini əldən verdiyini və dağıdıcı müharibəni davam etdirmək yolunu seçdiyini bəyan edib.