Birləşmiş Ştatlar Prezidenti Donald Trampın administrasiyası Ukrayna Silahlı Qüvvələrinin Qara dəniz hövzəsində kommersiya gəmilərinə və enerji daşıyıcılarına təşkil etdiyi hücumlarla bağlı Amerika şirkətlərindən çoxsaylı rəsmi şikayətlər və müraciətlər alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Breitbart” portalına verdiyi geniş müsahibəsində bildirib.
M.Rubionun sözlərinə görə, daxil olan müraciətlər Vaşinqtonda və Ağ Ev rəhbərliyində ciddi narahatlıq və narazılıq doğurub. Dövlət katibi vurğulayıb ki, bir neçə ay əvvəl Qara dəniz akvatoriyasında neft və digər enerji resursları daşıyan kommersiya tankerlərinə zərbələr endirilməsi halları qeydə alınıb. Birləşmiş Ştatların iri enerji şirkətləri hücuma məruz qalan tankerlərdə özlərinə məxsus xammalın olduğunu bildirərək ABŞ hökumətindən operativ tədbirlər görülməsini tələb ediblər.
“Biz beynəlxalq dəniz marşrutlarında vəziyyəti daha da gərginləşdirən və qlobal bazarlara zərər vuran addımların atılmasını istəmirik”, – deyə M.Rubio vurğulayıb.