ABŞ Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi son hücumları kəskin şəkildə tənqid edərək, Moskvanı Ukrayna paytaxtına qarşı sistemli zərbələr endirməməyə çağırıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in "Reuters" agentliyinə istinadən yaydığı məlumata görə, bu mövqe Ukraynanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirilib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Brus Rusiyanın "Oreşnik" ballistik raketindən istifadə etməsini "təhlükəli və barbar eskalasiya" kimi qiymətləndirib. O, Kiyevə endiriləcək növbəti zərbələrin mülki şəxslər arasında itkiləri artıracağını və münaqişənin sülh yolu ilə həlli imkanlarını məhdudlaşdıracağını vurğulayıb.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya isə Vaşinqtonun irəli sürdüyü iddiaları qəbul etməyib. BMT rəsmiləri də öz növbəsində Moskvanın Kiyevə qarşı yeni zərbələr endirə biləcəyi ilə bağlı bəyanatlarından ciddi narahatlıq keçirdiklərini ifadə ediblər.
Ukrayna tərəfinin rəsmi məlumatına əsasən, son hücumlar nəticəsində:
- Ən azı iki nəfər həlak olub;
- Təxminən 100 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.