Rusiya və Çin Arktikada mövcudluqlarını qeyri-sülh məqsədləri üçün genişləndirirlər.
“Operativ Məlumat Mərkəzi-OMM” “Fox News”a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı, general Aleksus Qrinkeviç bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin Arktikada birgə patrul fəaliyyətini artırır və Rusiyanın şimal sahillərindən Kanada və Alyaskanın şimalına qədər uzanan bölgədə mövcudluğunu genişləndirir.
Qrinkeviç qeyd edib ki, bu ölkələr dənizdə və sualtı mühitdə NATO-ya qarşı durmaq üçün müxtəlif variantları araşdırırlar. General vurğulayıb ki, aparılan fəaliyyətlər dinc məqsədlər daşımır.
“Bu, sülh məqsədləri üçün edilmir. Onlar orada suitiləri və ağ ayıları öyrənmirlər, əksinə batimetrik tədqiqatlar aparır və dənizdə və sualtında NATO-ya necə qarşı çıxa biləcəklərini anlamağa çalışırlar. Bu proses çox tez inkişaf edə bilər. Biz bundan xəbərdar olmalı və buna hazır olmalıyıq”, – deyə o bildirib.
Eyni zamanda, Aleksus Qrinkeviç Rusiya və Çinin Arktikadakı bu fəaliyyətlərini NATO üçün birbaşa təhdid kimi qiymətləndirmədiyini də vurğulayıb.