Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldunun bacısı Elma Aveyru futbolçu ətrafında yaranan qalmaqalla bağlı fikirlərini bölüşüb. O, portuqaliyalıların Ronaldunun əvvəlki xidmətlərini unutduğunu və indi hər şeyin fərqli olmasını gözlədiyini söyləyib.
“Kədərlənirəm, çünki təəssüf ki, portuqaliyalılar artıq görülən işləri unudurlar və indi hər şeyin başqa cür olmalı olduğunu düşünürlər”, – Aveyru Sic Noticias-a açıqlamasında deyib.
O, qardaşının yaşadıqlarını görməyin çətin olduğunu vurğulayıb: “Söz tapmıram, qardaşımın bütün bunlardan keçdiyini görmək mənim üçün çox ağırdır. O, buna ən az layiq olanlardan biridir”.
41 yaşlı Ronaldo UEFA Millətlər Liqasında Norveçlə 2:1 hesabı ilə başa çatan oyunda meydana çıxmadıqdan sonra Portuqaliya millisinin düşərgəsini özbaşına tərk edib. İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi də daha əvvəl bu vəziyyətə görə Ronaldunu tənqid edib.