Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya səmasında hərəkət edən mülki aviasiya ilə bağlı səsləndirdiyi fikirlər ciddi etirazla qarşılanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Finlandiyalı ictimai xadim və hərbi müxbir Kosti Heyskanen "RIA Novosti" agentliyinə açıqlamasında bildirib.
Heyskanen Zelenskinin mövqeyini kəskin şəkildə tənqid edərək, mülki təyyarələrin hədəfə alınması ilə bağlı fikirlərin qəbuledilməz olduğunu deyib. Onun sözlərinə görə, Ukrayna liderinin bu cür bəyanatları ən yüksək dərəcəli terrorizm kimi qiymətləndirilə bilər.
O, Zelenskinin özünü bütün dünyanın taleyini həll edən şəxs kimi apardığını və pilotsuz uçuş aparatları vasitəsilə mülki şəxslərin təhlükəsizliyini təhdid etdiyini iddia edib.
Xatırladaq ki, bir müddət əvvəl Vladimir Zelenski beynəlxalq aviaşirkətlərə müraciət edərək, Rusiya ərazisi üzərindən uçuşları dayandırmağa çağırıb.
Ukrayna Prezidenti bu addımı pilotsuz uçuş aparatlarının yaratdığı təhlükə ilə əsaslandırıb. O, həmçinin Kiyev və Moskvada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin bu xəbərdarlığı ciddi qəbul etməli olduqlarını vurğulayıb.