İspaniyanın "Real Madrid" klubu ilə İtaliyanın "Komo" komandası arasında argentinalı yarımmüdafiəçi Nikolas Pasın gələcək karyerası ilə bağlı danışıqların vaxtı müəyyənləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər oyunçunun transferi ilə bağlı məsələni həll etmək üçün bu həftənin cümə axşamı günü bir araya gələcəklər.
"Kral klubu" artıq qeyri-rəsmi şəkildə "Komo"ya öz mövqeyini çatdırıb. Belə ki, Madrid təmsilçisi Pası geri qaytarmaq niyyətindədir. Klubun əsas məqsədi futbolçunu geri alaraq, daha sonra onu daha yüksək qiymətə satmaqdır.
İlkin proqnozlara görə, "Real Madrid" 21 yaşlı oyunçu üçün təxminən 60 milyon avro civarında təzminat tələb edə bilər.
Cümə axşamı keçiriləcək görüşdə "Komo" rəhbərliyinin argentinalı istedadı ən azı daha bir mövsüm komandada saxlamaq üçün son cəhdlərini edəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Nikolas Pas bütün turnirlər daxil olmaqla 40 matçda iştirak edib. O, bu görüşlərdə 13 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə ilə yadda qalıb.