“Sabah”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Abdulla Xaybulayev karyerasını Polşa çempionatında davam etdirə bilər. Polşa mətbuatının yaydığı məlumata görə, “Rakuv” 25 yaşlı futbolçu ilə maraqlanır.
Polşa təmsilçisinin mərkəz yarımmüdafiəçisini yaxından izlədiyi və mümkün transfer variantlarını dəyərləndirdiyi bildirilir. Xaybulayevin “Transfermarkt” portalında göstərilən bazar dəyəri 450 min avrodur.
“Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç komanda yoldaşı ilə bağlı transfer iddiasına sosial şəbəkədə münasibət bildirib. O, xəbərlə bağlı paylaşımın şərh bölümündə “nie oddamy” — “Buraxmırıq” yazıb.
Hazırda Xaybulayevin “Rakuv”a keçidi ilə bağlı rəsmi məlumat yoxdur. Polşa klubunun futbolçu ilə bağlı marağının transfer danışıqlarına çevrilib-çevrilməyəcəyi bəlli deyil.