“Barselona”nın yarımmüdafiəçisi Qavi xarakteri və çətinlikləri aşmaq bacarığı barədə danışıb. Ağır zədədən sonra bərpa olunan 22 yaşlı futbolçu mentalitetinin unikal olduğunu düşündüyünü deyib.
“Məncə, xarakterim unikaldır. İnsan özü haqqında belə danışanda təvazökar görünməyə bilər, amma bu, həqiqətdir. Özüm buna inanmasam, kim inanacaq? Keçirdiyim ağır zədələrə və çətin illərə baxmayaraq, sınaqlardan çıxmaq üçün həmişə güc tapmışam. “La Masia”ya yeni gələndə tamam tək idim”, – deyə Qavinin sözlərini insayder Fabritsio Romano yayıb.
Qavi 2015-ci ildə “Betis”dən “Barselona”nın akademiyasına keçib. O, 2020-ci ildə əsas komandada debüt edib və qısa müddətdə əsas oyunçulardan birinə çevrilib. Lakin gənc yarımmüdafiəçinin karyerasına dizindən aldığı ağır zədələr təsir edib.
2023-cü ilin noyabrında İspaniya millisinin məşqi zamanı çarpaz bağları qoparan Qavi təxminən bir il yaşıl meydanlardan kənarda qalıb. 2025-ci ildə aldığı yeni zədə səbəbindən o, yenidən uzun müddət oynamayıb. Çətinliklərə baxmayaraq, Qavi komandaya qayıdıb və bu mövsüm tədricən formasını bərpa edir.