ABŞ Prezidenti Donald Trampın İranın mümkün cavab tədbirləri və ölkənin hərbi imkanları ilə bağlı məlumatlandırılma prosesindən narazı qaldığı iddia olunub.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, ötən cümə günü "Camp David" iqamətgahında keçirilən görüş zamanı Tramp müdafiə naziri Pit Heqsetə sərt iradlar bildirib. Bildirilir ki, prezident ABŞ ordusunun uzaqmənzilli idarəolunan raketlər və "THAAD" hava hücumundan müdafiə sistemləri ilə bağlı yaşadığı çatışmazlıqdan narahatlığını ifadə edib.
Qəzetin yazdığına əsasən, Tramp kabinet iclası zamanı Hegsetdən niyə ona hərbi imkanlarla bağlı tam və dəqiq məlumat verilmədiyini soruşub. Prezident daha əvvəl bu problemin artıq aradan qaldırıldığına inandığını bildirib.
Məlumata görə, Pit Heqset yaranmış vəziyyətə görə məsuliyyəti müdafiə nazirinin müavini Stiven Faynberqin üzərinə qoyub. Bununla belə, Ağ Ev yayılan iddiaları təkzib edib.
Prezidentin mətbuat katibi Karolin Livit “The Washington Post”un yaydığı məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Tramp və Heqset arasında hər hansı mübahisə baş verməyib.
Qeyd edək ki, bəzi ekspertlərin fikrincə, ABŞ-nin hərbi sursat ehtiyatlarında yaranan çatışmazlıq Vaşinqtonun İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatlardan çəkinməsinin əsas səbəblərindən biri hesab olunur.