Azərbaycan və Laos siyasi səviyyədə yaxşı münasibətlər saxlayır, ölkələr 30 il ərzində diplomatik əlaqələri davam etdirir.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Laos Prezidenti Thonqlun Sisulitlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, siyasi əlaqələr uzun illər uğurla inkişaf edib:
"Bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Və bu gün də belədir və bundan sonra əminəm ki, belə olacaq".
İlham Əliyev vurğulayıb ki, parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılıb və bu da özlüyündə həm parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlığın göstəricisidir.