ABŞ Prezidenti Donald Trampın İrana münasibətdə izlədiyi siyasət ciddi tənqidlərlə üzləşib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Financial Times” nəşrinin yaydığı məqalədə Ağ Evin İranla bağlı konkret strategiyasının olmadığı, bunun isə həm siyasi, həm də iqtisadi riskləri artırdığı qeyd olunub.
Kolorado ştatından demokrat konqresmen Ceyson Krou bildirib ki, mövcud siyasət plansız şəkildə həyata keçirilir. Onun sözlərinə görə, bu qeyri-müəyyənlik ölkə daxilində yanacaq, ərzaq və digər məhsulların qiymətlərinə də mənfi təsir göstərir.
Məqalədə ekspertlərin rəylərinə də yer verilib. Bildirilib ki, İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi regionda gərginliyi daha da artıra və genişmiqyaslı münaqişəyə səbəb ola bilər. Eyni zamanda, uzunmüddətli əməliyyatların ABŞ ordusunun hərbi resurslarına və texnikasına əlavə yük yaradacağı vurğulanıb.
ABŞ Ordusunun istefada olan general-leytenantı və Mərkəzi Komandanlığın keçmiş kəşfiyyat direktoru Karen Qibson isə qeyd edib ki, dəqiq aviazərbələr böyük həcmdə kəşfiyyat və hərbi resurs tələb edir. Onun sözlərinə görə, bu cür əməliyyatlar diqqətin digər strateji istiqamətlərdən yayınmasına səbəb olur.
Məlumata görə, Donald Tramp Ağ Evin Situasiya otağında İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi imkanlarını da müzakirə edib. Bildirilir ki, mümkün yeni hücumların Hörmüz boğazı ətrafında həyata keçirilən əvvəlki zərbələrdən daha genişmiqyaslı ola biləcəyi istisna edilmir.