“Palçıq Vulkanları Turizm Kompleksi son illərdə turistlər tərəfindən ən çox ziyarət edilən turizm obyektlərindən, məhsullarından biridir. İl ərzində minlərlə turist palçıq vulkanlarını ziyarət edir, burada dövlətimiz tərəfindən yaradılan şəraitlə, eyni zamanda Azərbaycanın təbii irsi olan palçıq vulkanları ilə tanış olurlar”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Palçıq Vulkanları Turizm Kompleksinə təşkil olunmuş mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, kompleks ərazisində turizm informasiya mərkəzi, master-klasslar göstərilən məkanlar, duz emalatxanası, rəsm emalatxanası, müxtəlif mineral suların sərgiləndiyi sərgi zalı, təbiət tarixi sərgi zalı və digər məhsullar mövcuddur:
“Biz burada yaradılan şəraitlə palçıq vulkanlarını daha yaxından görə bilirik və təbiətə heç bir zərər vermədən, vulkanlara toxunmadan onlar ilə tanış olmaq imkanımız yaranır. Ümumilikdə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və turizm müəssisələrini bu ilin ötən 8 ayında 432 mindən çox şəxs bilet alaraq ziyarət edib. Ödənişsiz şəkildə ziyarət edənlərin sayı isə 100 mindən artıqdır. Bilet alaraq ziyarət edənlərin 71 faizini xarici turistlər təşkil edir ki, bu da kifayət qədər yüksək rəqəmdir. Məsələn, Palçıq Vulkanları Turizm Kompleksini götürsək, burada ziyarətçilərin hardasa 93-94 faizini xaricilər təşkil edir. Şəki Yuxarı Baş Qoruğunda isə ziyarət edənlərin 50 faizi xaricilər, 50 faizi yerli turistlərdir”.
Murad Ağabəylinin sözlərinə görə, agentlik tərəfindən regionlarda, eləcə də Bakıda yeni turizm məhsullarının yaradılması və infrastruktur işlərinin həyata keçirilməsi prosesi davam etdirilir:
“Məsələn, Lahıcda hazırda bir sıra istiqamətlərdə işlər görülür. Basqalda bir neçə turizm məhsulunun hazırlanması yekunlaşmaq üzrədir. Şəki Yuxarı Baş Qoruğu ərazisində artıq bir neçə müəssisə — şəbəkə emalatxanası və tarix-diyarşünaslıq muzeyi turistlərimizin istifadəsinə verilib. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə də işlər davam etdirilir. Suqovuşanda hazırda infrastruktur işləri aparılır, Şahbulaq qalası ətrafında turizm infrastrukturunun qurulması prosesi isə artıq yekunlaşma mərhələsindədir”.