Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Sumqayıt şəhərində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən xüsusi əməliyyatlar nəticəsində 34 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə rəsmi məlumat “Operativ Məlumat Mərkəzi-OMM”-ə nazirlikdən verilib.
Sumqayıtda Narkotik Şəbəkəsinə Qarşı Əməliyyat: Kimlər Saxlanılıb?
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev və onun tanışı, 38 yaşlı Fuad Qurbanovdan ümumilikdə 1 kiloqram 500 qram heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan, əvvəllər məhkum olunmuş 44 yaşlı Kamal Xudioğlundan 9 kiloqram 130 qram marixuana müsadirə edilib. Digər şübhəli, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və 1 kiloqramdan artıq tiryək aşkarlanıb.
Külli Miqdarda Narkotik Satışının Qarşısı Necə Alındı?
Sumqayıt şəhərində narkotiklərin satışına qarşı həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 27 yaşlı Əfsanə Qasımova və tanışı, 28 yaşlı Pəlvan Abaszadə saxlanılıblar. Bu şəxslərdən 13 kiloqram marixuana aşkarlanıb.
İstintaq zamanı müəyyən olunub ki, saxlanılan şəxslər narkotikləri Sumqayıt şəhərində müxtəlif ünvanlara yerləşdirməklə satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.