Aviasiya qovşaqlarının genişləndirilməsi üçün dünyada özəl kapitaldan istifadə artır. Avropa və Şimali Amerikada müzakirələr əsasən pensiya fondları, konsessiya modelləri və sərnişin rüsumları ətrafında aparıldığı halda, Mərkəzi Asiyada fərqli investor qrupu önə çıxır.
AnewZ-in məlumatına görə, Körfəz ölkələrinin suveren fondlarının dəstəklədiyi şirkətlər və Şərqi Asiyanın dövlətlə əlaqəli hava limanı operatorları regionun strateji əhəmiyyətli aviasiya qovşaqlarında uzunmüddətli idarəetmə hüquqları əldə edirlər.
Bu tendensiya qlobal dəyişikliklərin bir hissəsidir. Beynəlxalq Hava Limanları Şurasının (ACI) hesablamasına görə, qarşıdakı 30 ildə dünya üzrə hava limanı infrastrukturuna 4 trilyon dollardan çox investisiya qoyulacağı gözlənilir. ACI-nin məlumatına əsasən, hazırda sərnişinlərin təxminən yarısı özəl sektorun iştirak etdiyi hava limanlarından istifadə edir. On il əvvəl bu göstərici 41 faiz olub.
Qərb ölkələrindəki bir çox özəlləşdirmə prosesindən fərqli olaraq, Mərkəzi Asiyadakı investisiyalar daha çox geosiyasi və ticarət maraqları ilə bağlıdır.
Daşkənddə 35 illik idarəetmə müqaviləsi
Mərkəzi Asiyanın hava limanı infrastrukturunun böyük hissəsi sovet dövründən qalıb. Müstəqillikdən sonra bir çox obyekt yenilənsə də, region hökumətləri yeni terminalların, yük mərkəzlərinin və kommersiya sahələrinin tikintisini dövlət büdcəsinə tam yük etmədən maliyyələşdirmək üçün xarici kapital cəlb etməyə çalışır. Bu strategiya Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizi kimi regiona marağın artdığı vaxta təsadüf edir.
Mərkəzi Asiyada hazırda icrası planlaşdırılan ən böyük aviasiya layihəsi Özbəkistanda tikilməsi nəzərdə tutulan Yeni Daşkənd Beynəlxalq Hava Limanıdır.
Özbəkistan Hava Limanları iyunda Səudiyyə Ərəbistanının “Vision Invest” şirkətinin rəhbərlik etdiyi konsorsiumla dövlət-özəl tərəfdaşlıq sazişi, avqustda isə konsessiya müqaviləsi imzalayıb. Özbəkistanın “Kun.uz” nəşrinin məlumatına görə, iştirak payları belə bölünüb:
- “Vision Invest” – 45 faiz;
- Yaponiyanın “Sojitz Corporation” şirkəti – 30 faiz;
- Cənubi Koreya tərəfdaşları – 15 faiz;
- Özbəkistan Hava Limanları – 10 faiz.
Konsorsium sərnişin terminalını və ətrafındakı kommersiya sahələrini 35 il idarə edəcək. Aerodrom və uçuş-enmə zolaqlarına görə məsuliyyət isə hökumətdə qalacaq.
Layihənin yalnız birinci mərhələsinin təxminən 2,5 milyard dollara başa gələcəyi gözlənilir. Cənubi Koreya mənbələri bütün layihənin dəyərini təxminən 4,8 milyard dollar qiymətləndirir.
Yeni hava limanının ildə 20 milyon sərnişinə xidmət etməsi və 129 min ton yük daşıması nəzərdə tutulur. Özbəkistan rəsmiləri fəaliyyətin təxminən 2030-cu ildə başlayacağını gözləyir, Cənubi Koreyanın “Incheon International Airport Corporation” şirkəti isə açılış tarixini 2031-ci il kimi proqnozlaşdırır.
Layihə artan tələbat fonunda həyata keçirilir. Regional aviasiya məlumatlarına görə, Özbəkistanda sərnişin sayı 2024-cü ildə 13,5 milyon, 2025-ci ildə isə təxminən 15,5 milyon olub. Sərnişin axını regionda ən sürətlə artan göstəricilərdən biridir.
Qazaxıstanda Körfəz və Sinqapur şirkətlərinin iştirakı
Özəl investisiyalara baxmayaraq, layihələrdə hökumətlərin rolu böyükdür. Cənubi Koreyanın iştirakı “Incheon International Airport Corporation” ilə yanaşı, dövlət tərəfindən dəstəklənən “Korea Overseas Infrastructure & Urban Development Corporation” qurumunu da əhatə edir.
“Incheon” Daşkənd layihəsi üzrə müqaviləni tarixindəki ən böyük xarici layihə adlandırıb. Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi Özbəkistanla əməkdaşlığın qurulmasına kömək edib, “Export-Import Bank of Korea” isə maliyyələşdirmə məsələlərində iştirak edib. Yaponiyanın dövlət dəstəkli “Japan Bank for International Cooperation” bankı da layihənin bəzi hissələrini maliyyələşdirməyə maraq göstərib.
Beləliklə, layihələr dövlət-özəl tərəfdaşlığı formasında qurulsa da, dövlət qurumları mühüm rol oynamaqda davam edir.
Qazaxıstan da oxşar yanaşma tətbiq edir. 2023-cü ildə Əbu-Dabi Limanlar Qrupu ilə əlaqəli BƏƏ-nin “Terminals Holding” şirkəti Astana Beynəlxalq Hava Limanının əməliyyat idarəçiliyini üzərinə götürüb.
2025-ci ildə imzalanan növbəti investisiya sazişi 1,1 milyard dollardan çox vəsaitin aşağıdakı layihələrə yönəldilməsini nəzərdə tutur:
- ikinci uçuş-enmə zolağının tikintisi;
- üçüncü sərnişin terminalının inşası;
- yeni yük kompleksinin yaradılması;
- logistika, hotellər və biznes rayonlarını əhatə edən daha geniş “aerotropolis” layihəsi.
Bu il Sinqapurun “Changi Airports International” şirkəti Astana üçün yeni hava limanının tikintisini və mövcud hava limanının idarə olunmasında mümkün iştirakını əhatə edən çərçivə sazişi imzalayıb. Yeni obyektin tikintisinin 2027-ci ildə başlaması gözlənilir.
Qazaxıstan rəsmiləri investisiya təşviqlərini tənzimləyici nəzarətlə uzlaşdırıblar. Xarici investorlara vergi güzəştləri və dövlət zəmanətləri təqdim olunur, hava limanı rüsumları isə kommersiya dayanıqlığını aviaşirkətlər üçün əlverişli xərclərlə uzlaşdırmaq məqsədilə nəzarətdə saxlanılır.
Qazaxıstan regionun ən böyük aviasiya bazarıdır. Ölkədə 2025-ci ildə təxminən 31,8 milyon sərnişin və 173 300 ton yük daşınıb. Müqayisə üçün, Özbəkistanda 15,5 milyon sərnişin və 98 min tondan çox hava yükü qeydə alınıb.
Bununla belə, Özbəkistanda yük daşımalarının artımı Qazaxıstanı üstələyib. 2019–2024-cü illərdə Özbəkistanda yük həcmi 182 faiz, Qazaxıstanda isə 149 faiz artıb.
Analitiklərin hamısı regionda vahid dominant aviasiya qovşağının yaranacağını gözləmir. Regional aviasiya analitiki Kekelbayev “Asia-Plus”a bildirib ki, Mərkəzi Asiyada bir əsas qapıdan çox, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış bir neçə mərkəzin formalaşması ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, rəqabət vahid regional lider yaratmaqdan deyil, aviaşirkətləri, sərnişinləri və yük axınlarını cəlb etməkdən ibarət olacaq. Bəzi aviasiya mütəxəssisləri də infrastrukturun təkbaşına hava limanına qovşaq statusu qazandırmadığını vurğulayır. Aviaşirkətlərlə əlaqələr, viza siyasəti, yük şəbəkələri və davamlı sərnişin tələbatı yeni terminallar və uçuş-enmə zolaqları qədər əhəmiyyətli ola bilər.
Hava limanları Orta Dəhlizin tamamlayıcı hissəsi kimi
Hava limanlarına investisiya artımı əvvəllər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu adlanan Orta Dəhlizin inkişafı ilə paralel gedir. Marşrut Çinlə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən birləşdirir və Rusiyadan keçən marşrutlara alternativ təklif edir.
Dəhliz əsasən dəmir yolları və limanlar kontekstində müzakirə olunsa da, hava limanları getdikcə tamamlayıcı infrastruktur kimi qiymətləndirilir. Onlar yüksək dəyərli yüklərin, işgüzar səfərlərin və artan ticarət axınları ilə əlaqəli logistika xidmətlərinin dəstəklənməsinə kömək edir.
Polşanın Şərq Araşdırmaları Mərkəzinin (OSW) məlumatına görə, son yeddi ildə Qazaxıstan ərazisindən daşınan yüklərin həcmi beş dəfədən çox artaraq ildə 4,5 milyon tonu keçib. Ənənəvi daşınma marşrutlarında yaranan fasilələr də dəhlizə marağı artırıb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu ilin əvvəlində dəyişən geosiyasi şəraitin Orta Dəhlizi alternativ marşrutdan strateji zərurətə çevirdiyini bildirib.
Hava limanı layihələri yalnız kommersiya hesablamalarını əks etdirmir. Körfəz ölkələri, Şərqi Asiya investorları, Avropa və Çin üçün Mərkəzi Asiyanın nəqliyyat infrastrukturu sürətlə inkişaf edən ticarət marşrutuna təsir imkanları yaradır.
OSW-nin məlumatına görə, Çin dəhlizə “Bir kəmər, bir yol” təşəbbüsünün tərkib hissəsi kimi baxır, Avropa İttifaqı əlaqəli nəqliyyat investisiyalarını dəstəkləyib. Yaponiya 2025-ci ildə Mərkəzi Asiya liderləri ilə sammit zamanı dəhliz infrastrukturu üçün dəstək vəd edib. ABŞ isə 2026-cı ildə Qazaxıstanda dəmir yolu investisiya layihələri planlaşdırdığını açıqlayıb.
Hökumətlər geosiyasi gərginliklərin təsir etdiyi nəqliyyat marşrutlarına alternativ axtardıqca, Mərkəzi Asiyanın logistika infrastrukturu həm iqtisadi, həm də strateji aktiv kimi nəzərdən keçirilir.
Azərbaycanda özəl hava limanı operatorları üçün hüquqi çərçivə yaradılıb
Regionun daha qərbində Azərbaycan indiyədək fərqli yanaşma tətbiq edib. Heydər Əliyev Beynəlxalq Aeroportu tam dövlət mülkiyyətindədir və milli aviadaşıyıcı “AZAL” tərəfindən idarə olunur. Sektor analitikləri əvvəllər potensial xarici hava limanı operatorları ilə ilkin müzakirələr aparıldığını bildirsələr də, tərəfdaşlıq elan edilməyib.
Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı fərman hava limanlarının idarəçiliyində özəl sektorun daha geniş iştirakına imkan verə biləcək yeni hüquqi çərçivə yaradıb. Yeni Hava Limanlarının İdarə Edilməsi Qaydalarına əsasən, dövlət hava limanları konsessiya tipli sazişlər və ya dövlət-özəl tərəfdaşlığı vasitəsilə özəl operatorlara verilə bilər. Qaydalarda özəl sektorun iştirakı əsas prinsip kimi göstərilib.
Hava limanı infrastrukturunun mülkiyyəti dövlətin əlində qalacaq. Genişləndirmə və modernləşdirmə isə dövlət vəsaiti, kreditlər, qrantlar, ianələr və ya özəl investisiyalar hesabına maliyyələşdirilə bilər.
Bu çərçivə özəlləşdirməyə zəmanət vermir, lakin Özbəkistan və Qazaxıstanda formalaşan yanaşmalara bənzər mexanizm yaradır. Azərbaycan gələcəkdə əsas beynəlxalq hava limanı üçün konsessiya sazişi seçərsə, bu, Cənubi Qafqazda ən əhəmiyyətli hava limanı tərəfdaşlığı imkanlarından birinə çevrilə bilər.
Hava limanlarında özəl kapitalın artan rolu başqa regionlarda da müzakirələrə səbəb olub. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbəri Tomas Reynaert “Reuters”ə bildirib ki, aviaşirkətlər özəl sektorun iştirakına qarşı deyil, lakin şəffaflıq və məsləhətləşmələr gözləyirlər. O qeyd edib ki, xərclərin böyük hissəsini nəticədə aviaşirkətlər və sərnişinlər ödəyir.
Mərkəzi Asiyada müzakirə hava limanı rüsumlarından daha geniş mövzunu əhatə edir. Region hökumətləri aviasiya infrastrukturunu Mərkəzi Asiyanı Avropa ilə Asiya arasında mühüm əlaqəyə çevirmək səylərinin bir hissəsi hesab edirlər. Bu gün verilən uzunmüddətli idarəetmə hüquqları xarici operatorlara onilliklər ərzində ticarətə, yük və sərnişin axınlarına xidmət etməsi gözlənilən hava limanlarında əhəmiyyətli təsir imkanı verəcək.
Bu investisiyaların beynəlxalq tranzit qovşaqları yaradıb-yaratmayacağı yalnız terminallardan və uçuş-enmə zolaqlarından deyil, aviaşirkətlərin, yük şəbəkələrinin, logistika sistemlərinin və beynəlxalq əlaqələrin davamlılığından da asılı olacaq. İnvestorlar üçün imkan kommersiya xarakteri daşıyır, hökumətlər üçün isə getdikcə daha strateji əhəmiyyət kəsb edir.