NATO nüvə silahlarının yayılmaması rejiminə sadiqliyini və “nüvə ittifaqı” statusunu bir daha təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NATO Şurasının bəyanatı təşkilatın rəsmi saytında 11-ci İcmal Konfransına hazırlıq çərçivəsində dərc olunub.
Bildirilib ki, NATO nüvə silahları mövcud olduğu müddətdə nüvə ittifaqı olaraq qalacaq. Sənəddə vurğulanır ki, alyans Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) tam riayət olunmasını dəstəkləyir və bu sistemin “təməl daşı” kimi qalmasına sadiqdir.
Eyni zamanda bəyanatda Rusiya NPT-nin bir neçə müddəasını pozmaqda ittiham olunur, Çin isə nüvə potensialını şəffaf olmayan şəkildə genişləndirməkdə günahlandırılır.
Brüssel həmçinin iddia edir ki, Rusiya və Çin nüvə silahlarının yayılmasına maraqlı olan və beynəlxalq nəzarəti zəiflətməyə çalışan ölkələrlə əlaqələr saxlayır. Sənəddə konkret adlar çəkilməsə də, NATO adətən bu kontekstdə İran və Şimali Koreyanı nəzərdə tutur.