NATO-nun Rusiya ilə həmsərhəd ölkələrində 2022-ci ildən sonra sürətləndirilən sərhəd möhkəmləndirmələri yeni mərhələyə keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Finlandiya Rusiya ilə 1340 kilometrlik sərhədinin strateji hissələrində inşa etdiyi ümumilikdə 200 kilometrlik maneə sistemini tamamladığını açıqlayıb.
Finlandiyanın cənubundan başlayaraq Estoniya, Latviya və Litvanın Baltik Müdafiə Xətti, eləcə də Polşanın “Şərq Qalxanı” layihəsi mümkün hərbi münaqişə zamanı Rusiya qoşunlarının irəliləməsini ləngitmək məqsədi daşıyır.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen Nuijamaa sərhəd-keçid məntəqəsinin yaxınlığında keçirilən mərasimdə maneə sisteminin başa çatdığını bildirib.
Təxminən 380 milyon avroya başa gələn layihə yalnız tikanlı məftildən ibarət deyil. Finlandiya Sərhəd Mühafizəsinin məlumatına görə, sistemə 4,5 metr hündürlüyündə maneə, texniki müşahidə avadanlıqları, yollar və eni 25 metr olan təmizlənmiş müşahidə sahələri daxildir.
Ümumi 200 kilometrlik hissənin təxminən 140 kilometri ölkənin cənub-şərqində, 35 kilometri Şimali Kareliyada, qalan 25 kilometri isə Kainuudan Laplandiyaya qədər uzanan ərazilərdə yerləşir.
Estoniya, Latviya və Litva 2024-cü ildə razılaşdırılan Baltik Müdafiə Xətti çərçivəsində Rusiya və Belarus istiqamətindəki sərhədlərini sığınacaqlar, tank əleyhinə xəndəklər, maneələr və sursat anbarları ilə möhkəmləndirir.
Estoniyanın planına təxminən 600 sığınacaq və 40 kilometrə yaxın tank əleyhinə xəndəyin inşası daxildir. İşlərin əhəmiyyətli hissəsinin 2027-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
NATO-nun 2026-cı ilin iyununda açıqladığı şərq cinahı bəyanatında Rusiya Avro-Atlantik təhlükəsizliyə qarşı “ən mühüm, birbaşa və uzunmüddətli təhdid” kimi xarakterizə edilib.
Müdafiə zolağının cənub hissəsində ən böyük layihələrdən birini Polşa həyata keçirir. Varşavanın “Şərq Qalxanı” proqramı Belarus və Rusiyanın Kalininqrad vilayəti boyunca möhkəmləndirilmiş müdafiə zonalarının yaradılmasını nəzərdə tutur.
Layihəyə tank əleyhinə maneələr və xəndəklər, gücləndirilmiş mövqelər, müşahidə və erkən xəbərdarlıq sistemləri, həmçinin hərbi bölmələrin hərəkətini asanlaşdıracaq infrastruktur daxildir.
Litva da mühüm sərhəd keçidləri və körpülərdə Rusiya hücumu zamanı hərbi bölmələrin irəliləməsini məhdudlaşdırmağa yönəlmiş hazırlıqlar aparır.
Bu tədbirlərin əsas səbəbi Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədir. Finlandiya və İsveçin NATO-ya üzv olması ilə alyansın şimal-şərq sərhədləri dəyişib, Baltik ölkələri və Polşa isə sabit müdafiə istehkamlarına yenidən investisiya qoymağa başlayıb.
Finlandiyadan Estoniya, Latviya və Litva üzərindən Polşaya qədər uzanan layihələr NATO-nun şərq cinahında sərhəd maneələri, sığınacaqlar, tank əleyhinə xətlər, müşahidə sistemləri və hərbi infrastrukturu əhatə edən geniş müdafiə zolağı formalaşdırır.
