NATO tarixində ən böyük dəyişikliklərdən biri ilə üz-üzədir. ABŞ qüvvələrinin Avropadakı rolunun yenidən formalaşdırılması və yeni hərbi səlahiyyətlərin Avropa ölkələrinə verilməsi NATO 3.0 konsepsiyasının əsasını təşkil edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte NATO müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Rutte ABŞ müdafiə naziri Pit Heqsetin Vaşinqtonun Avropadakı döyüş qüvvələrinin bir hissəsini çıxarmağa davam edəcəyi və ABŞ-ın gələcək iştirakının müttəfiqlərin müdafiəyə verdiyi töhfələrdən asılı olacağı barədə açıqlamalarını şərh edib.
“NATO nəhəng bir transformasiya yaşayır, bəlkə də tarixində ən böyük transformasiya. Biz NATO 3.0 qurmalıyıq”, - deyə Rutte vurğulayıb.
NATO rəhbəri qeyd edib ki, Avropa ölkələri qarşısında böyük öhdəliklər dayanır və müttəfiqlər artıq bu istiqamətdə addımlar atırlar.
“Yenilənmiş məlumatlara görə, Avropa NATO ölkələri və Kanada 2025-ci ildə əvvəlki illə müqayisədə müdafiəyə 139 milyard dollar daha çox vəsait xərcləyəcəklər”, - deyə o bildirib.
Rutte əlavə edib ki, alyansın gələcək gücü üzv ölkələrin müdafiə sahəsində məsuliyyət paylaşımından və hərbi imkanların artırılmasından asılı olacaq.