Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-İran gərginliyi: Azərbaycan hansı mövqedən çıxış edir?

4 dəq
Paylaş:
ABŞ-İran gərginliyi: Azərbaycan hansı mövqedən çıxış edir?

Yanvarın 31-də İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib.

Bəs hansı mövqedən çıxış etməlidir, sülhü təmin edən ABŞ-nin, yoxsa region ölkə olaraq İranın?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Xəyal Bəşirov bildirib ki, Azərbaycan bu gün də, əvvəlki dövrlərdə olduğu kimi, İran–İsrail və ümumilikdə İran–Qərb qarşıdurmaları fonunda hüquqa əsaslanan mövqeyini dəyişməz saxlayır.

Xəyal Bəşirov: BBC kimi ermənipərəst bir media qurumunun bu addımları hazırkı məqamda heç də təsadüfi deyil - AZƏRTAC

Onun sözlərinə görə, rəsmi Bakı bütün dövlətlərin, xüsusilə də qonşu ölkələrin bütövlüyünə və suverenliyinə hörmət prinsipindən çıxış edir və bu prinsiplərə təhdid yaradan heç bir addımı dəstəkləmir.

Politoloq xatırladıb ki, ötən ilin iyun ayında baş vermiş 12 günlük müharibə zamanı da Azərbaycan problemin yalnız danışıqlar yolu ilə həllini dəstəklədiyini açıq şəkildə bəyan edib. Buna baxmayaraq, həmin dövrdə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilib. İranda bəzi dini və siyasi çevrələr Azərbaycan ərazisindən İsrailin İrana qarşı istifadə etməsi, eləcə də casusların hazırlanaraq göndərilməsi ilə bağlı iddialar irəli sürüblər. Xəyal Bəşirovun sözlərinə görə, bu ittihamların heç biri sübut olunmayıb.

Что может произойти, если США нанесут удар по Ирану? Семь сценариев - SOVA

“Azərbaycan mövqeyini hansısa dövlətə və ya konkret siyasi xəttə görə deyil, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərarası münasibətlərin qəbul olunmuş qaydalarına əsaslanaraq formalaşdırır”, – deyə politoloq vurğulayıb.

O qeyd edib ki, uzun illər ərazi işğalından əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan heç bir dövlətin ərazi bütövlüyünün pozulmasını qəbul etmir. Bununla yanaşı, Bakı regionda yeni qarşıdurmaların, gərginliyin və xüsusilə də nüvə silahının yayılmasının qəti əleyhinədir.

Politoloqun fikrincə, nüvə silahı əldə etmək niyyəti regionu müharibə və qan tökülməsi təhlükəsi ilə üz-üzə qoyur.

Xəyal Bəşirov əlavə edib ki, İran Azərbaycanın tarixi, mədəni, dini və coğrafi baxımdan yaxın qonşusudur və İran ərazisində milyonlarla azərbaycanlının yaşaması dəyişməz reallıqdır. Eyni zamanda Azərbaycanın ABŞ və İsraillə münasibətləri də açıq və bəllidir və bu münasibətlər üçüncü tərəflərə qarşı yönəlməyib.

Politoloq bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində ABŞ-nin atdığı addımları müsbət qiymətləndirir və bunu ölkənin milli maraqlarına uyğun hesab edir. Məhz bu səbəbdən rəsmi Bakı tərəfləri dialoqa çağırır və müharibə risklərinin aradan qaldırılmasını arzuladığını açıq şəkildə bəyan edir.

Onun sözlərinə görə, Prezident İlham Əliyev də Davosda “Euronews” kanalına müsahibəsində regionda artan gərginlikdən narahatlığını ifadə edib və İran Prezidenti ilə görüşlər zamanı Azərbaycanın prinsipial mövqeyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.

“Azərbaycanın mövqeyi ədalətli, real və beynəlxalq hüquqa söykənən mövqedir. Diplomatik yollarla problemlərin həlli hər bir tərəf üçün ən doğru seçimdir və sonda hamı üçün qələbə deməkdir”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Beləliklə, Azərbaycanın mövqeyi tərəf tutmaq üzərində deyil, balans yaratmaq üzərində qurulub. Rəsmi Bakı nə qarşıdurmanın, nə də ittihamların bir parçası olmaq niyyətindədir. Beynəlxalq hüquq, dövlətlərin suverenliyi və dialoq – Azərbaycanın dəyişməz xətti məhz budur. Bu yanaşma göstərir ki, regionda sülhü silahlar deyil, məsuliyyətli diplomatiya qoruyur. Və Azərbaycan bu prosesdə sükutla yox, prinsipial mövqeyi ilə danışır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax