Milli Məclis uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin sertifikasiya əsasında qiymətləndirilməsini nəzərdə tutan layihəni birinci oxunuşda qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Yeni qaydalar kimlərə şamil olunacaq?
Sənədə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan aşağıdakı dövlət təhsil müəssisələrində işləyən müəllimlər yeni qaydalarla yoxlanılacaq:
- Uşaq musiqi məktəbləri;
- İncəsənət məktəbləri;
- Rəssamlıq məktəbləri.
Bu təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.
Attestasiya sistemi niyə ləğv edilir?
Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır. Sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur.
Eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.
Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.
Şifahi imtahanların çatışmazlıqları
Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır.
Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır. Komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.
Sertifikasiya təhsilə nə qazandıracaq?
Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin və peşə yararlılığının sertifikasiya imtahanı vasitəsilə qiymətləndirilməsi təmin ediləcək. Bu, prosesin şəffaflığını, nəticələrin müqayisəliliyini və yüksək etibarlılığını təmin edəcək.
Dəyişikliklər qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olmağa kömək edəcək.
Eyni zamanda sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur. Bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.