Deputat Arzu Nağıyev parlament iclasında 2026-cı ilin büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını zəruri addım kimi qiymətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, büdcədə bu sahə üzrə nəzərdə tutulan 8 milyard 714 milyon manatlıq vəsait ümumi büdcənin 21%-ni təşkil edir və bu, 2025-ci illə müqayisədə 319 milyon manat çoxdur.
Deputat qeyd edib ki, təhlükəsizlik artıq yalnız sərhədlərin qorunması deyil, həm də informasiya müharibəsi, kibermüdafiə, enerji və kommunikasiya infrastrukturunun təhlükəsizliyi, daxili sabitliyin təmin olunması kimi sahələri əhatə edir.
Arzu Nağıyev deyib ki, azad edilmiş ərazilərdə bərpa və qayıdış prosesinin təhlükəsiz şəkildə davam etməsi, minalardan təmizləmə, polis və fövqəladə xidmətlərin formalaşdırılması da əlavə maliyyə tələb edir.
O həmçinin vurğulayıb ki, bölgədəki geosiyasi gərginlik, Ermənistanın bəzi çevrələrinin revanşist çağırışları və regional proseslər təhlükəsizlik sahəsinə yatırımların artırılmasını qaçılmaz edir.
Deputatın fikrincə, 2026-cı il üçün ayrılan əlavə vəsait kibertəhlükəsizliyin gücləndirilməsi, sərhəd mühafizəsinin və xüsusi xidmət orqanlarının texniki təchizatının yenilənməsi, NATO standartlarına uyğun hərbi birləşmələrin modernləşdirilməsi və müdafiə sənayesinin inkişafına xidmət edəcək.
Arzu Nağıyev deyib ki, bu artım dövlətin maliyyə yükünün deyil, Azərbaycanın təhlükəsiz gələcəyinin təmin olunmasına yönəlmiş strateji sərmayədir.
O, büdcə layihəsinin komitədə müzakirə edilərək yekdilliklə plenar iclasın birinci oxunuşuna tövsiyə olunduğunu da qeyd edib və sənədin dəstəklənməsini xahiş edib.
Afət Ziyadqızı