Mirzoyan Türkiyə sərhədindəki “Axurik” keçid məntəqəsinə gedib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ölkənin diplomatik korpusunun rəhbər heyəti Türkiyə ilə sərhəddə yerləşən “Axurik” keçid məntəqəsinə səfər edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər diplomatların illik iş müşavirəsi çərçivəsində baş tutub.

Heyət üzvləri “Axurik” keçid məntəqəsi ilə yanaşı, “Gümrü-Qars” dəmir yolunun “Axuryan” stansiyasına da baş çəkiblər.
Görüş zamanı dəmir yolunun bərpası və istismara verilməsinin əhəmiyyəti, eləcə də bu istiqamətdə görülən işlərin gedişatı müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan və Türkiyəyə gedən dəmir yolu sahələrinin təmiri məsələsi Ermənistanın siyasi gündəmində mühüm yer tutur.
Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl “Yerasx-Naxçıvan” istiqamətində 1,6 kilometrlik, “Axurik” kəndindən Türkiyə sərhədinə qədər isə 12,4 kilometrlik dəmir yolu sahələrinin yenidən qurulması üçün hökumətin təşəbbüs göstərəcəyini bildirib.
Bundan əlavə, Paşinyan Ermənistan dəmir yollarının idarəetməsi ilə bağlı Rusiya ilə imzalanmış konsessiya sazişinə yenidən baxılmasını təklif edib.
O, idarəetmənin Qazaxıstan, BƏƏ və ya Qətər kimi ölkələrə ötürülməsi ehtimalını istisna etməyib.
İrəvan rəsmiləri Rusiya tərəfinin razılığı olacağı təqdirdə, dəmir yollarının idarəetməsinin Qazaxıstan şirkətinə verilməsinə etiraz etməyəcəklərini bildiriblər.
Lakin Rusiya Nəqliyyat Nazirliyi bu məsələ ilə bağlı hər hansı danışıqların aparılmadığını açıqlayıb.