Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, KTMT tərəfdaşlarının Cənubi Qafqazda öz məsuliyyət sahələrini necə təmsil etdikləri hələ aydın deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistanın məlum səbəblərdən təşkilatda iştirakını dondurduğunu xatırladan Mirzoyan müvafiq sazişin təhlükəsizliyin, ərazi bütövlüyünün və müdafiənin təmin edilməsində qarşılıqlı yardımı nəzərdə tutduğunu vurğulayıb.
"Ermənistana "hücum" ediləndə və onun "ərazisinə" müdaxilələr olanda biz KTMT üzrə tərəfdaşlarımız tərəfindən faktların müvafiq qəbulunu görmədik. Bu, təbii ki, erməni tərəfində suallar yaradır. Hələlik bunlara cavab yoxdur, ona görə də biz iştirakımızı dondurmuşuq”, - nazir 2023-cü il üçün hökumət proqramının icrasını təqdim edən komissiyanın iclasında xarici əlaqələr üzrə parlamentdə deyib.