Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edib. O, Azərbaycanın idmana və beynəlxalq yarışların təşkilinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Vizer ölkəni təşəbbüslər, enerji, yeni texnologiyalar və davamlı inkişafla yanaşı, zəngin idman, mədəniyyət və ənənələri ilə seçilən məkan kimi xarakterizə edib. IJF rəhbəri Azərbaycan hökumətinə idman tədbirlərinə, xüsusilə dünya çempionatına göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü çatdırıb.
O, son illərdəki nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və yarışların qaliblərini təbrik edib. Vizer, həmçinin Olimpiya ailəsinin uğurlarını və yüksək səviyyəli tədbirlərin təşkilini vurğulayıb.
IJF prezidentinin sözlərinə görə, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülh üçün ilham mənbəyi olmalıdır. O, qonaqlara, azarkeşlərə, cüdo və idman ailəsinin üzvlərinə minnətdarlığını bildirib.
Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov 60 kq çəki dərəcəsində dünya çempionu olub.